Ermənistan özünə uydurduğu tarixin girovluğunda

Erməni xalqı saxta tarix labirintindən çıxmayınca inkişaf yolunu da tapa bilməyəcək; Qarabağ konflikti səbəb yox, nəticə qismində; erməni tarixçi-alim: “Erməni xalqını süni, saxta keçmişlə bəsləyirlər...” 

Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiası, sözsüz ki, ilk növbədə ermənilərin özlərinə uydurduqları tarixdən qaynaqlanır. Nə qədər ki, onlar bu saxta tarixin əsiri olmağa davam edəcəklər, aydındır ki, bir o qədər də iki əsas qonşu ölkə - Türkiyə və Azərbaycanla əlaqələri normallaşdıra, demək, həm də tərəqqi yoluna çıxa, təhılükəsiz yaşaya bilməyəcəklər. Bu, 2 x 2 = 4 qədər bəsit və çoxdan daşlaşmış bir həqiqətdir.

 

Mənfur qonşular hətta hamının yaxşı bildiyi, faktlarla zəngin ən yaxın tarixi hadisələri belə saxtalaşdırmaqdan utanmırlar. Məsələn, bəllidir ki, cəmi 104 il öncə Osmanlı İmperiyasında yaşanmış məlum hadisələri onlar həyasızcasına öz xeyirlərinə təhrif edirlər. 300 min erməni osmanlı dövlətinə xəyanətin qurbanı olduğu halda, onun da bir çoxu məcburi köçürülmə zamanı xəstəlikdən öldüyü halda, 1.5 milyon erməninin soyqırıma məruz qaldığını iddia edirlər. Halbuki mötəbər arxiv mənbələrə görə, o vaxt osmanlı dövlətində cəmi 1.2 milyon erməni yaşayıb. Əgər ermənilərin hamısı qırılıbsa, 104 il öncəki hadisələr zamanı Avropaya 450 min, ABŞ-a 400 min erməni haradan köç edib və orada necə güclü lobbi yarada biliblər?

*****

Eləcə də İkinci Dünya müharibəsi ilə bağlı bəzi həqiqətləri düşmən dövlət öz xeyrinə yozaraq, erməni xalqının başını yalançı qəhrəmanlarla qatır. Söhbət son vaxtlar ciddi müzakirə mövzusuna çevrilmiş bir rüsvayçı faktdan - İrəvanın mərkəzində nasist əlaltısı Qaregin Njdeyə abidə qoyulmasından gedir. Yaxşı ki, az sayda olsa belə, bunu anormallıq kimi qiymətləndirən, ermənilərin yalançı tarixini tənqid edən ermənilər də var. Onlardan biri də vaxtaşırı bu mövzuda çıxış edib erməniləri düzgün yola səsləyən, erməni əsilli ukraynalı tarixçi-tədqiqatçı Filip Ekozyantsdır.   

“Qaregin Njdenin İrəvandakı abidəsini sökməyə qoymazlar. Njde obrazı bu gün ölkədəki vətənpərvərlik anlayışı ilə tamamilə uyğun gəlir. Özləri haqqında həqiqəti bilmək və həqiqi səbəbləri anlamaq istəməyən ermənilərin böyük əksəriyyəti könüllü olaraq cəhalət içərisində çürüyürlər”. Bu sözləri o, axar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələrinin yaratdığı obrazla Qaregin Ter-Arutyunyan adlı real şəxsi səhv salmaq olmaz. Çünki bu, ümumiyyətlə, eyni şey deyil. “Njdenin mediada yaradılan obrazı bu gün bütün erməni siyasi baxışlarını birləşdirir. Birbaşa desək, bu gün nadir ermənilər öz xalqını yalnız sözdə müdafiə edən, lakin əslində onu nifrət və ümidsizlik uçurumuna atan həmin insanı təxribatçı kimi tanıyır. ”Milli qəhrəman" anlayışı istənilən ölkədə daxili istifadə üçün mövcud olduğundan bizim qarşımıza inadkarlıq və alternativ mövqe əskikliyi ilə artan bir güc çıxır. Bu cür insanların qəhrəmanlaşdırılması arsız vətənpərvərlərin şıltaqlığı deyil. Bu, erməni millətinin həqiqi yaradıcılarının əsas xəttinin davamıdır", - ekspert deyib.

Ekozyantsa görə, abidə qoyulmasını tənqid etmək - Ermənistanın yaxın ətrafının, sadəcə, məcburi reaksiyasıdır: “Nə Rusiya, nə də Belarus alman faşizminin ortağı olduğu bir şəxsin bu müharibədə qələbə üçün çox canlar vermiş bir xalqın qəhrəmanına çevrilməsinə reaksiya verməyə bilər. Lakin hər kəs başa düşür ki, problemi bu yolla həll etmək mümkün deyil: hələ ki ermənilərin özlərinin Njdeni qəhrəman saydıqları vaxtda abidə sökülməyəcək”.

Bəs vəziyyəti nə dəyişə bilər?

“Yalnız tarixin düzgün anlaşılması. Ermənilər məhz özləri hər şeydən əvvəl Ermənistan dövlətindən qaçırlar: əllərinə ən kiçik fürsət düşən kimi hər şeylərini yığıb qaçırlar. Lakin ən kədərlisi odur ki, ermənilərin yalnız kiçik bir hissəsi səbəbi özündə axtarır. İnanın mənə, hesab etmirəm ki, başlarına gələn bütün bəlalarda yalnız ermənilər günahkardır. Belə düşünmək də cəhalətdir. Günahkar çoxdur, bəşəriyyət - mələklər toplusu deyil. Lakin biz əsas bir şeyi başa düşməliyik: kim və niyə bizi süni, saxta keçmişlə bəsləyir? Njdeyə abidə qoyulması əmrini kimin niyə verdiyini, kimin onu ”qəhrəman"a çevirdiyini anlayanda bununla yanaşı daha artıq şeyləri də anlayacağıq. Mən öz atamın xalqını sevirəm: isti, ailəcanlı, həssas. Ancaq bizim böyük problemlərimiz var. Onları düzəltmək lazımdır", - deyə o, sonda qeyd edib.

*****

Ermənilərin ən böyük problemi də elə yalançı tarixdən qurtula bilməməkdir. Əks halda iki xalq arasında Qarabağ problemi, ümumiyyətlə, olmaz, Ermənistan  Rusiyadan vassal asılılığına və ağır blokada şəraitinə düşməz, iqtisadiyyatı böhran keçirməz, əhalisi ildən-ilə azalmazdı. 

“Ermənistan iqtisadiyyatı çox kiçikdir - cəmi 12.4 milyard dollar. Müqayisə üçün deyək ki, Azərbaycan 47 milyard dollar həcmində ümumi daxili məhsula sahibdir. Ermənistan Avrasiya Birliyinə daxildir, lakin onun inkişaf səviyyəsi Belarus, Rusiya Federasiyası və Qazaxıstanla müqayisədə olduqca aşağıdır. Qırğızıstanla birlikdə Ermənistan Avrasiya Birliyində zəif həlqə sayılır”.

 

Bu sözləri rusiyalı iqtisadçı Aleksandr Razuvayev deyib. Ekspert  bildirib ki, ABŞ, Fransa, İspaniya, Rusiya kimi ölkələrdə bu qədər zəngin erməni yaşamasına rəğmən, onların nəyə görə özlərinin tarixi vətənlərinə investisiya qoymaq arzusunda olmamaları həmişə onun üçün sirr olaraq qalıb.

“Dünya Bankının 2015-ci il hesabatında qeyd olunur ki, xüsusi pul köçürmələri Ermənistan ÜDM-in 21 faizini təşkil edir. 2015-ci ildə Ermənistanda pul köçürmələri son 10 ildə ən aşağı həddə - 1.6 milyard dollara bərabər olub. Ən yüksək göstərici (2.3 milyard dollar) isə 2008-ci ildə qeydə alınıb. 2018-ci ildə Ermənistana 1.786 milyard dollar köçürülüb, 2019-cu ilin birinci yarısında isə bu rəqəm təxminən 800 milyon dollar təşkil edib. Ermənistan vətəndaşları əsasən işləmək üçün Rusiyaya üz tutur. Rusiyanın Ermənistana pul köçürmələrindəki payı 80 faizi keçir” - ekspert bildirib.

Razuvayev qeyd edib ki, yalnız son bir neçə ayda rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi Ermənistandan başqa ölkələrə iş axtarmağa gedib: “Qeydiyyatdan keçməyən nə qədər işsizin daha yaxşı həyat axtarışında olub ölkəni tərk etdiyini heç kim bilmir. Ancaq Rusiya hökuməti birdən-birə tikinti sahəsində çalışmaq üçün verilən kvotanı kəskin azaldıb. Bu il 52075 nəfər bu sahədə çalışmaq hüququ əldə edib. Bu arada, 2020-ci ilin yanvar ayından etibarən onların sayı 29996-a qədər azalacaq. Bildiyiniz kimi, Rusiyada işləyən Ermənistan vətəndaşlarının əksəriyyəti də elə tikinti sektorunda fəaliyyət göstərir”.

Ekspert əlavə edib ki, Ermənistanın xarici ticarət dövriyyəsinin 30 faizə qədərini AİB təşkil edir. Bu həcmin, demək olar ki, hamısı Rusiya ilə ticarətdən ibarətdir (AİB-in digər üzvlərinin payı 3 faizə yaxındır). “Təbii ki, əgər Ermənistan birdən-birə Qərbi seçsə, pul köçürmələri kimi Rusiyanın iqtisadi, xarici siyasət sanksiyaları da çox ağrılı olacaq. Ermənistanın hazırkı liderlərinin nəyə görə Qərbə bu qədər inandığını söyləmək çətindir. Yəqin ki, onlar əvvəldən qeyri-müstəqil fiqurlardır. Əgər keçmiş SSRİ-yə nəzər salsaq, görərik ki, qərbyönlü deyil, Azərbaycan, Rusiya və Qazaxıstan kimi suveren ölkələr uğura nail olublar”, - deyə təhlilçi vurğulayıb.

*****

Bu faktlardan da göründüyü kimi, işğalçı ölkədəki “məxməri inqilab” nəticəsində baş vermiş hakimiyyət dəyişikliyi, iqtidara “təmiz” adamların gəlməsi də Ermənistanda sosial-iqtisadi durumun yaxşıya dəyişməsinə səbəb olmayıb. Daha doğrusu, işğalçı ölkənin çöküşə doğru yuvarlanma sürətini zəiflətməyib.  Başlıca səbəb deyildi: ermənilərin hələ də “göylərdə uçmaları”, heç vaxt reallaşmayacaq “çəhrayı arzular”la, virtual və qondarma tarixlə yaşamaları, sərt gerçəklikləri və onları yaradan səbəbləri israrla görməzlikdən gəlmələri.

Bu xüsusda Qarabağ problemi, əlbəttə ki, Azərbaycanla Ermənistan arasında kritik münasibətlərin səbəbi deyil, sadəcə, nəticədir. Həmçinin qardaş Türkiyəyə qarşı əsassız soyqırımı və ərazi iddiaları eyni erməni xəstə təfəkkürünün ağır təzahürüdür ki var. Xəstəliklər isə özbaşına keçib getmir. Onu müalicə eləmək lazımdır - özü də vaxtı uzatmadan. Əks halda, daha böyük fəsadlar qaçılmazdır..

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar