Ağ Ev sahibinin Azərbaycan Prezidentinə məktubunda hansı önəmli mesajlar yer alır

16.05.2020 15:17     Siyasi reaksiya     3122

Cənubi Qafqaz regionunda Azərbaycan beynəlxalq qurumlar və nüfuzlu dünya dövlətləri üçün əsas tərəfdaş kimi ön plana çıxmaqdadır

Son illərdə Azərbaycanın həm beynəlxalq, həm də regional nüfuzu mütamadi olaraq, güclənməkdədir. Azərbaycanın siyasi rəhbərliyinin, xüsusilə də Prezident İlham Əliyevin beynəlxalq sammitlərdəki çıxışları, təklifləri və onlara verilən reaksiyalar da ölkənin nüfuzunun hansı səviyyədə olduğunu biruzə verir.

Bunun nəticəsi olaraq, əksər nüfuzlu beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri Azərbaycanla qarşılıqlı münasibətlərə fərqli keyfiyyət qazandıraraq, daha da inkişaf etdirməyə üstünlük verirlər. Avropa Birliyi Cənubi Qafqazda əsas tərəfdaş dövlət kimi Azərbaycanı ön planda tutmağa çalışır. Dünyanın superdövlətlərindən biri olan Rusiya isə Azərbaycanla münasibətləri “strateji tərəfdaşlıq” kimi dəyərləndirir.

Təbii ki, bütün bunlar Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti və regional güc statusunun inkaredilməz reallığa çevrilməsindən qaynaqlanır. Və hazırda əksər nüfuzlu dünya dövlətləri Azərbaycanla siyasi-iqtisadi münasibətlərin yenidən qurulmasında və daha da inkişafında maraqlıdır.

Maraqlıdır ki, Azərbaycanla münasibətlərə xüsusi önəm verən və bu istiqamətdə konkret addımlar atmağa çalışan dünya dövlətlərinin sırasında ABŞ da yer almaqdadır. Və dünyanın siyasi-iqtisadi politrasında önəmli yeri olan ABŞ-ın hər dövlətlə əməkdaşlığa həssas olmadığı da inkaredilməz reallıqdır. Amma Ağ Evin məhz Azərbaycanla qarşılıqlı əməkdaşlığa xüsusi həssaslığı sahib olduğumuz dövlətin beynəlxalq siyasət məkanındakı önəmli mövqeyindən xəbər verir.

Heç şübhəsiz ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi son məktub da həmin həssaslığın əlaməti sayıla bilər. Belə ki, ABŞ Prezidenti Donald Tramp 28 May – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubu göndərib.

Bu məktubun göndərilməsi üçün seçilən zaman intervalında maraqlı məqamlar da mövcuddur. Belə ki, pandemiya problemi hazırda ABŞ üçün əsas problemlərin sırasında ön planda yer tutur. Bu ölkədə koronavirusa yoluxan 1,5 milyona yaxın vətəndaş mövcuddur. Ağ Evin bütün fəaliyyəti əsasən bu epidemiyadan xilas olmağın yollarının tapılmasına yönəldilib.

Amma belə bir böhranlı dövrdə ABŞ prezidenti D.Tramp Azərbaycanın dövlət bayramının diqqətdə saxlanmasını vacib hesab edib. Üstəlik, Ağ Evin sahibi Azərbaycanın Respublika Gününü vaxtından xeyli əvvəl təbrik etməyi lazım bilib.

Ağ Ev sahibinin Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbrik məktubu Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən ən güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlayır. Və bu, Azərbaycan üçün böyük önəm daşıyır. Çünki beynəlxalq hüquqda suverenlik konsepsiyası hər bir ölkənin, o cümlədən də Azərbaycanın müəyyən edilmiş ərazi hüdudlarında dövlətin hakimiyyətinin aliliyinin tanınması və təmin olunması kimi qəbul edilir. Ona görə də prezident D.Trampın bu məqamı xüsusi olaraq, vurğulaması ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyi ilə yanaşı, ölkəmizin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına da birmənalı dəstək verməsi anlamına gəlir.

Əslində, bu, qətiyyən təəccüblü deyil. Çünki Azərbaycanın Cənubi Qafqazda reginonundakı geopolitik proseslərə həlledici hərbi-siyasi təsir gücü, maliyyə-iqtisadi imkanları, beynəlxalq və regional layihələrdəki avanqard iştirakçı rolu bu reginonda maraqları olan dünya dövlətləri üçün cəlbedici faktorlardır. Digər region dövlətləri – Gürcüstan və Ermənistanla müqayisədə daha güclü orduya sahib olan Azərbaycan ilə əməkdaşlıq Cənubi Qafqazda tərəfdaş qazanmaq istəyən beynəlxalq siyasi iradə mərkəzləri, o cümlədən də ABŞ üçün xüsusi əhəmiyyət daşıyır.

Ona görə də Ağ Ev sahibinin Azərbaycan Prezidentinə məkltubunda iki ölkə arasında 30 illik tarixi olan əməkdaşlığın beynəlxalq təhlükəsizlik sahəsində, Avropada enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində önəmli rol oynamasına xüsusi vurğu edilir. ABŞ və Azərbaycan nəzərdə tutulmaqla, “iki böyük xalq və dövlət” ifadəsindən istifadə olunur. Bu isə öz növbəsində ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul etməsi anlamına gəlir.

Təbii ki, bütün bunlar qətiyyən təsadüfi deyil. Çünki Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələr və dövlətimizin beynəlxalq səviyyədə nailiyyətləri inkaredilməzdir və belə görünür ki, Ağ Evdə bu, yüksək qiymətləndirilir.

Məsələ ondadır ki, Azərbaycan onilliklər ərzində beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizəyə, Əfqanıstan da daxil olmaqla, dünyanın həssas bölgələrində sülhməramlı əməliyyatlara dəstək verib. O cümlədən, qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi önəmli sahələr üzrə ABŞ-la sıx əməkdaşlıq edib.

Onu da qeyd eymək lazımdır ki, Avropa qitəsinin enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması da Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsində önəmli rol oyanyır. Və bu istiqamətdə Azərbaycanın ABŞ və onun dövlət başçısı tərəfindən də ciddi dəstəkləndiyi qətiyyən sirr deyil.
Məktubda hazırda bütün dünyanı öz cənginə alan COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın əldə etdiyi nailiyyətlərə də diqqət yetirilir və ABŞ-ın ölkəmizi dəstəklədiyi vurğulanır. Çünki Azərbaycan Prezidentinin təxirəsalınmaz, qətiyyətli qərarları və çevik siyasəti ölkəmizi bu qlobal bəlanın ağır fəsadlarından ən az əziyyət çəkən dövlətləri sırasına daxil edib. Və ölkəmizin bu uğurları Ümumdünya Səhiyyə Təşkilatı ilə yanaşı, digər dövlətlər tərəfindən də təqdir edilməkdədir.

Məsələ ondadır ki, dünyanın üzləşdiyi bu ağır günlərdə ABŞ kimi, Azərbaycan da ehtiyacı olan xarici ölkələrə və təşkilatlara yardım edir. Azərbaycanın qlobal səviyyədə gerçəkləşdirdiyi humanitar missiya pandemiyaya qarşı mübarizədə önəmli rol oynayır.

Prezident D.Tramp onu da vurğulayır ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aparılan sülh danışıqlarını dəstəkləyir və bu mövqeyini dəyişmək niyyətində deyil. Bu isə Ermənistanın siyasi rəhbərliyinə yönəlik ciddi mesaj kimi də qəbul oluna bilər.

Məsələ ondadır ki, rəsmi İrəvan bir qayda olaraq, sülh danışıqlarının pozulması, hətta bu mümkün olmadıqda prosesin uzadılması taktikasına sadiqdir. Ermənistanın siyasi rəhbərliyi ümid edir ki, sülh danışıqları prosesini pozmağa və ya uzatmağa çalışmaqla, öz işğalçılıq siyasətini reallaşdıra bilər.

Ancaq digər həmsədr dövlətlər kimi, ABŞ da danışıqlar prosesinə birmənalı dəstək verməklə, Ermənistanın münaqişəni nüzamlama formatını dəyişdirmək cəhdlərini qəbul etmir. Eyni zamanda, münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi xüsusi olaraq, vurğulanır. Bu önəmli məqam isə ABŞ-ın dolayısı ilə Azərbaycanın tarixi torpaqlarının hərbi işğalının qəbuledilməzliyinə işarə vurması və Ermənistan ordusunun ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələbi kimi də başa düşülə bilər.

Təbii ki, əvvəl-axır Azərbaycan öz hədəflərinə çatacaq. D.Trampın Azərbaycan prezidentinə məktubunun məzmunu da bunu təsdiqləyir. Çünki Ağ Ev də daxil olmaqla, əksər beynəlxalq qurumlar və nüfuzlu dövlətlər Ermənistanın işğalçı dövlət olduğunu bilməmiş deyillər. Və sürətlə dəyişən müasir dünyada artıq işğalçılıq, sərhədlərin zorla dəyişdirilməsi qəbuledilməz hədəflər kimi xarakterizə olunmaqdadır.

Eyni zamanda, Ermənistanın qeyri-müstəqil və himayədarlarının təlimatlarına bağlı sürüşkən siyasi mövqeyi rəsmi İrəvana yönəlik etimadı minimuma endirməkdədir. Bu işğalçı ölkənin baş nazirinin siyasi ironiya doğuran qəribə davranışları Ermənistanı regional geopolitik proseslərdə dalana dirəməyə başlayıb. Bu baxımdan, Cənubi Qafqazda Azərbaycan beynəlxalq qurumlar və nüfuzlu dövlətlər üçün əsas tərəfdaş kimi ön plana çıxmaqdadır. Azərbaycanın regiondakı siyasi təsir imkanları, iqtisadi inkişaf səviyyəsi, enerji resursları, eləcə də hərbi gücü bunun üçün tam zəmin yaradır.(Musavat.com)

Reaksiya.az

Şərhlər