Azərbaycan savaş qərarı versə... - zaman kimə işləyir?

21.05.2020 14:30     Siyasi reaksiya     2545

Rusiyalı politoloq: “Bakı Moskvadan müharibə siqnalı gözləyir”; rusiyalı şərqşünas: “Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq...”

Sabah - mayın 22-də Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başa çatacaq. Budəfəki irimiqyaslı təlimlər sülh danışıqlarının tam fiasko olduğu, İrəvan rəsmilərinin bir-birinin ardınca verdikləri, dinc nizamlama prosesini mənasız edən təxribatçı bəyanatlar fonunda keçirilməsi ilə xüsusi diqqət çəkir. Yəni təlimlər işğalçı tərəfə çox aydın bir mesajdır ki, Azərbaycan danışıqların alternativi olan hərb variantına - müharibəyə hazırdır. 

Zaman-zaman yazdığımız kimi, sülh danışıqlarının tək alternativi hərbi əməliyyatlardır. Yəni atəşkəs rejimi hədəf deyil və o on illərlə uzana bilməz. Atəşkəs böyük sülh anlaşması üçün zəmindir və əgər o, sülh müqaviləsi ilə bitməyəcəksə, yeni müharibə ilə bitəcək. Üçüncü variant mövcud deyil. Əfsuslar olsun ki, işğalçı ölkədə hakimiyyətlər dəyişsə də, problemə destruktiv yanaşma dəyişməz qalır. İrəvan süni şəkildə, hər vəchlə atəşkəs rejimini uzatmağa çalışır. Guya enində-sonunda Bakı bezib işğalla barışmalı olacaq. Təbii ki, belə bir şey heç vaxt olmayacaq. Düşmən boşuna gözləyir.

*****

Rusiyalı politoloq Qriqori Trofimçuk da hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın son iki ildə Qarabağla bağlı verdiyi açıqlamalar sülh danışıqlarını mənasız edib. Bu barədə o, “Yeni Müsavat” Media Qrupuna daxil olan rusdilli Minval.az-a müsahibəsində deyib: “Ona görə də Ermənistanın baş naziri ”pedal"a basmağa davam edir. Paşinyanın danışıqlar masasında Qarabağla bağlı heç bir sənədin olmadığı barədə növbəti bəyanati əvvəlkilərdən (“Mən ərazini sülhə dəyişmirəm” və s.) daha absurddur. Hazırda ATƏT-in Minsk Qrupu həmsədrlərinin nə etdikləri tam aydın deyil. Doğrudan da, Paşinyan onlara açıq şəkildə dedi ki, dörddə bir əsr boyu danışıqlar masasında oturub orada nəsə etsələr də ortada heç bir sənəd yoxdur. Təbii ki, erməni tərəfi bu səbəbdən hər hansı torpağı heç kimə qaytarmaq niyyətində deyil. Eyni zamanda İrəvan danışıqlardan da imtina etmir ki, onu pozuculuqda günahlandırmasınlar. O səbəbə mənasız danışıqlara öz nazirini göndərir".

Azərbaycana gəlincə, politoloq hesab edir ki, Bakı qərarı özü verməlidir: «Qarabağın geri qaytarmaq planları qarşısında koronavirus əngəli həqiqətən var, ya yox? “Hərbi planların tibbi maskalar taxmaq rejimindən asılı duruma gətirilməsi ən azından, qəribə görünə bilər. Yada salım: Rusiya tərəfi, özəlliklə xarici işlər naziri Sergey Lavrov dəfələrlə xatırladıb ki, Qarabağ probleminin həlli yalnız iki ölkənin - Azərbaycan və Ermənistanın işidir. Buna görə də müxtəlif müşahidəçilərin Rusiya haqqında nə söyləməsindən, o sırada guya konfliktin həll açarının Moskvada olması haqda deyilənlərə rəğmən, problemin həlli variantları Bakı və İrəvanın əlindədir. Sadəcə, Azərbaycan bu prosesi xeyli dərəcədə qabağa apara, fəallaşdıra və sürətləndirə biləcək hərəkət formatını seçməlidir - xüsusilə də Ermənistanın hazırkı siyasi rəhbərliyi öncədən Bakını müharibəyə təhrik etmək yolunu tutubsa. Mən başa düşə bilmirəm, niyə Bakı Paşinyanın Qarabağla bağlı destruktiv açıqlamalar paketini hələ də danışıqlar prosesində total müzakirəyə çıxarmayıb? Axı bu açıqlamalarda danışıqlardan açıq imtina, demək ki, müharibəyə çağırış var”, - deyə rusiyalı politoloq qeyd edib.

Gevorq Mirzoyan: `Paşinyan `DQR`i tanısa, Azərbaycan müharibəyə ...

Analitikin sözlərinə görə, Qarabağ probleminin həlli üçün Bakının bir neçə variantı mövcuddur: “Həqiqətən də onlardan biri hərbi yoldur. Ancaq bütün sual budur ki, Qarabağ müharibəsi bütöv bir bölgəni əhatə etmədən təcrid olunmuş formatda, lokal qala biləcəkmi? Bakı üçün bu açar sualdır. Düşünürəm ki, hələlik buna onun cavabı yoxdur. Əks təqdirdə, çoxdan qərar verərdi. Onu da düşünürəm ki, Bakı Moskvadan siqnal gözləyir. Bununla belə, bir az yuxarıda dediyim kimi, problemin qeyri-hərbi həll variantı da var, amma məsələnin belə qoyuluşu ilə birgə ki, ”Paşinyan adına" Ermənistan, faktiki, əraziləri qaytarmaqdan imtina edir. Bu isə Azərbaycanın deyil, BMT-nin problemidir və Bakı bunu açıq şəkildə göstərməlidir".

Bəs Azərbaycan savaş qərarı verərsə, vasitəçi dövlətlərin - Rusiya, ABŞ və Fransanın reaksiyası necə ola bilər?

Qriqori Trofimçuk: Azərbaycan avropalı məmurları letargiya ...

Trofimçuk: “Həqiqətən, Azərbaycanın vətəndaş cəmiyyəti aydın şəkildə və daima problemin hərbi yolla həll edilməli olduğunu və bundan sonrakı təxirə salınmanın, sadəcə, mənasız olduğunu söyləyir. Ancaq əvvəl dediyim kimi, problemin qeyri-hərbi yolu da var. İnformasiya rıçaqı ilə daha çox iş görmək olar. Ümid edirəm ki, Azərbaycan daxilində, hər halda, bu profildən olan mütəxəssislər var və onlar hansısa şəkildə hakimiyyətlə bağlıdır, onun qərarlarına təsir imkanına malikdir. Axı bəzən belə də olur ki, real nəsə söyləyə biləcək kimlərsə hakimiyyətin nəzər dairəsindən kənarda olur. Bu zaman Azərbaycanın hərbi yolla öz istəyinə çatacağına yüz faizlik əminlik yoxdur. Bu əminsizlik əslində müharibəni əngəlləyir. Bütün xarici müşahidə strukturları, Rusiya da daxil olmaqla, hərbi güc metoduna təbii olaraq çox mənfi reaksiya verəcək və bu əvvəlcədən aydındır. Təkcə Türkiyənin Bakıya açıq dəstəyi kifayət etməyəcək. Paşinyan gərək Donald Trampı da o dərəcədə qəzəbləndirsin ki, Ağ Ev müharibəyə göz yumsun. Mən həmişə deyirəm, yenə də altını cızım ki, Bakının problemi güc yolu ilı həll eləmək hədələri daima səslənə bilməz, əks halda, bu, gülməli görünər. Əsl zərbə həmişə qəfil vurulur”.

*****

Bu təbii ki, rus politoloqun şəxsi, subyektiv fikirləridir. Ələlxüsus da onun müharibəyə xarici reaksiya ilə bağlı dediklərini Quran ayələri kimi qəbul eləməyə ehtiyac yoxdur. Çünki Azərbaycan heç bir başqa ölkəyə, özəlliklə də Ermənistana hücum etməyə, yaxud Dağlıq Qarabağda etnik təmizləmə aparmağa hazırlaşmır. Yalnız özünün beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini bərpa eləmək hədəfi güdür. Bunu isə BMT Nizamnaməsində təsbit edildiyi kimi, onun hərbi yolla da reallaşdırmaq hüququ var. Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Qorxan gözə çöp düşər”.  

Qarabağda yeni müharibə başlayır?

Rusiya isə ümumiyyətlə, müharibədə maraqlı deyil. Burası doğru. Ən azı ona görə ki, o halda Moskvanın regionla bağlı köklü maraqları, eləcə də Türkiyə və Azərbaycanla münasibətləri real təhlükə altına düşə, Moskva Qarabağ konflikti sayəsində indiyədək izlədiyi hədəfi - Azərbaycanla Ermənistana nəzarəti itirə bilər. Kreml ən əvvəl bundan narahatdır.

Bu xüsusda rusiyalı şərqşünas Mixail Maqidin fikirləri də maraq doğurur. O, Kremlin iştirakçısı olduğu keçmiş SSRİ məkanındakı hərbi münaqişələrlə bağlı deyib ki, Putinin rəhbəri olduğu mövcud Rusiya hakimiyyəti davam edərsə, o zaman münaqişələrin həllində heç nə dəyişməyəcək, amma müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq.

“Moskvanın bitərəfliyini qoruduğu digər münaqişələr, məsələn, Ermənistan-Azərbaycan münaqişəsində nə olacaq” konkret sualına isə şərqşünasın cavabı ilginc olub. Sitat: “Düşünürəm ki, belə şəraitdə Rusiya Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 rayonu geri qaytarmaq cəhdlərinə qarışmayacaq. Hər iki ölkənin müdafiə kompleksləri inkişaf etsə də, vəziyyət daha zəngin Azərbaycanın xeyrinə dəyişir. Vaxt Azərbaycana işləyir və Bakı ”İndi və ya heç vaxt" prinsipi ilə müvafiq cəhd edə bilər. Eyni şərt Gürcüstanın Cənubi Osetiya və Abxaziya arasında münaqişə vəziyyətində də mümkündür. Və nəhayət, üç ölkənin razılaşdırılmış “Davamlı müharibə” və ya “Üç müharibə” cəhdi mümkündür: Ukrayna, Azərbaycan, Gürcüstan müxtəlif vaxtlarda Rusiyanın dəstəyi ilə yaradılan bütün tanınmamış respublikalara qarşı bir cəbhədə birləşir: Luqansk Respublikasından Dağlıq Qarabağa qədər".

Şərqşünas hesab edir ki, mövcud pandemiya böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rejimi tab gətirə bilsə, yaranmış vəziyyətdə Türkiyə Cənubi Qafqazda ciddi şəkildə hakim gücə çevrilə bilər.

Yəni pandemiyadan sonra Rusiya və Türkiyənin bölgəyə təsir imkanlarının necə dəyişəcəyi məsələsi də var. Müşahidələr isə göstərir ki, qardaş ölkə şimal qonşumuzla müqayisədə koronavirus sınağından daha uğurla çıxa biləcək...(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar