Əbülfəs Qarayev bağında aqibətini gözləyir - istintaqa çağırılıb, nazirliyi isə yoxlayırlar...

29.06.2020 15:09     Siyasi reaksiya     7152

Mayın 21-də prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan götürülən Əbülfəs Qarayev, gözlənildiyi kimi, “gözdən itib”. DTX-nın mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Ə.Qarayevin müavininin, həmçinin idarə rəisinin həbsi sabiq nazirin məsuliyyət məsələsini gündəmə gətirmiş, onun da istintaqa cəlb edilməsinin vacibliyi vurğulanmışdı. 

Yada salaq ki, həbs edilən nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Rafiq Bayramov həm də uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi deyilir. Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

Bu arada unikal.org Mədəniyyət Nazirliyində yoxlama aparılması barədə xəbər yayıb. Məlumata bildirilir ki, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir. Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası nazirlikdə yoxlama aparıb.

Əslində DTX-nin Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Əbülfəs Qarayevin mədəniyyət sahəsinə ayrılan pulları necə taladağı haqda müəyyən təəssürat yaradırdı. Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə bir müddət əvvəl keçmiş nazirin və ailəsinin sahib olduğu şirkətlərin siyahısını yayımlayıb. Yayılan sənədlərdən məlum olub ki, sabiq nazirin ailə şirkətləri Rusiya, Litva, Panama, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir. Azərbaycandan çıxardığı pullarla xarici ölkələrdə daşınmaz əmlak və digər aktivlər alıb.

Məlumatlı mənbə Musavat.com-a deyib ki, Ə.Qarayev hazırda bağındadır. Onu bir neçə dəfə istintaqa çağırıblar, amma bu barədə rəsmi bilgi yoxdur. Ə.Qarayevin biznes imperiyası ilə bağlı yayılan sənədələrlə bağlı da izahatı alınıb. “Belə görünür ki, Əbülfəs Qarayev bağında oturub sonrakı taleyini gözləyir” deyə, mənbə bildirib.

Sonda qeyd edək ki, mədəniyyət naziri postuna hələ təyinat yoxdur.(musavat)

Reaksiya.az

Advertisement Banner

Şərhlər