Ali Məhkəmə erməni təxribatları haqda dünyanın Ali məhkəmələrinə bəyanat göndərdi

07.10.2020 21:30     Siyasi reaksiya     641

Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanat qəbul edib.

Reaksiya.az xəbər verir ki, bəyanat dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin Ali məhkəmələrinə göndərilib.
Bəyanatda deyilir: “Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Bu hərbi təcavüzə cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələri özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun surətdə Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarını davam etdirir.

Sentyabrın 27-dən etibarən təmas xəttindən 50-250 kilometr məsafədə yerləşən şəhər və kəndlərimizdə - Gəncə, Biləsuvar, Tərtər, Ağcabədi, Bərdə, Xızı və digər yaşayış məntəqələrimizdə azərbaycanlı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində üçü uşaq olmaqla 29 mülki şəxs həlak olub və 144-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Həmçinin əhalinin 500-ə yaxın mülkü, o cümlədən xüsusi mülkiyyət, su anbarı və Mingəçevirdəki elektrik stansiyası, Xəzər dənizindən Avropaya xam neft və təbii qaz tədarük edən enerji boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri) və Tərtər bölgəsindəki regional məhkəmə binası Ermənistan silahlı qüvvələrinin atəş hədəfləri olub.

Mövcud silahlı münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da daxil olmaqla bütün beynəlxalq diplomatik səylərin Ermənistan hökuməti və rəhbərliyinin qeyri-konstruktiv yanaşması səbəbindən bu günə qədər uğursuz olduğu xüsusi olaraq vurğulanmalıdır.

Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” qərarında (№ 13216/05, 16 iyun 2015) qeyd olunur: “Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Ermənistanın “Dağlıq Qarabağ respublikası” üzərində əhəmiyyətli və həlledici təsiri olub. Bu iki qurumun praktik olaraq bütün vacib məsələlərdə yüksək səviyyədə inteqrasiyası bu günə qədər davam edir. Başqa sözlə desək, “Dağlıq Qarabağ respublikası” və onun rəhbərliyi Dağlıq Qarabağ və ətraf ərazilər üzərində təsirli nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstək sayəsində yaşayır ... ”.
Azərbaycan Respublikasının sərhədlərinin xarici təhdidlərə qarşı toxunulmazlığını qoruması və ərazilərindəki hər kəsin insan hüquq və azadlıqlarını təmin etməsı 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları da daxil olmaqla, beynəlxalq hüquqa dair bütün vəzifələrinə və öhdəliklərinə uyğundur. Azərbaycan hökuməti hər zaman silahlı qüvvələrin döyüşçülərlə mülki şəxsləri, hərbi obyektlərlə mülki obyektləri ayırd etməsini tələb edən beynəlxalq humanitar hüququn təməl prinsipinə əməl etdiyini bəyan edir. Bundan əlavə, Azərbaycan silahlı qüvvələri mülki insanları hədəfə alma və ya mülki insanların əmlakına zərər vuran hücumlara qarşı mütləq qadağaya hörmət etmək öhdəliyini təsdiqləyir.

Biz Azərbaycan hökumətinin ərazi bütövlüyünü bərpa etmək və bütün məcburi köçkünlərin hüquqlarını bir daha təsdiq edərək öz evlərinə qayıtmalarını təmin etmək səylərinin tərəfdarıyıq. Bununla, bölgədə həqiqi və davamlı sülhə kollektiv şəkildə nail olmaq mümkündür".

Reaksiya.az

Şərhlər