“Lalsız, karsız, ya korsunuz?” - Mustafa Şentop

20.10.2020 13:31     Siyasi reaksiya     661

“İşğalı və  terroru dövlət siyasətinə çevirən quldur dövlət olan Ermənistan mülki əhalini atəşə tutmağa, bazarları, hətta qəbiristanlığa hücum edərək məsum insanları öldürməyə davam edir”. 
Bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. 
 
O bildirib ki, bu hücumlar tək bir cümlə ilə müharibə cinayətidir: “Buna görə beynəlxalq birliyə müraciət etmək lazımdır ki, müharibə cinayətinə cavab verməyəcəksizsə, lalsız, karsız, ya korsunuz? Ermənistanın dövlət terroru həm regionu, həm də dünyanı təhdid edir. Ermənistanın ipini əlində tutanlar bu təhlükəli oyunu dayandırmalıdırlar. Bu gün Qafqazda və regionda stabillik yalnız Ermənistanın işğal etdiyi ərazilərdən çıxması ilə mümkündür. 
 
Ermənistana qol-qanad gərənlər unutmamalıdır ki, bu işdən gec, ya da tez zərər görəcəklər. Ermənistan unutmasın ki, böyük qardaşları həmişə onun yanında olmayacaq. Ermənistan kimdən dəstək alırsa-alsın, Azərbaycan öz torpaqlarından bu quldur dövləti qovmaq gücündədir. 
 
Beynəlxalq təşkilatlar artıq qərarlarının namusunu qorumalıdırlar. Minsk qrupu münaqişəni həll etmək üçün heç bir gerçək iradə göstərməyib, münaqişəni həll etmək əvəzinə, həllsizlik yaradıb. Artıq Minsk qrupunun beyin ölümü baş verib. Ermənistan keçmişdə törətdiyi cinayətlərə görə cəzasız qaldığı üçün bu gün oxşar əməllərə cəhd etmək istəyir. Azərbaycan hər zaman sülhdən yana olub və şərt də bəllidir, Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır”.
 

Şərhlər