Prezidentin “Qarabağ bizimdir!” şüarı: Yaxın zamanda... - AÇIQLAMA

11.11.2020 14:06     Siyasi reaksiya     469

Sentyabrın 27-dən Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. Az müddətdə Azərbaycan işğal altında olan ərazilərin bir çox hissəsini azad etdi. Müharibə Azərbaycanın üstünlüyü ilə davam edirdi və hamı gözləyirdi ki, Ordumuz 5-10 günə Qarabağı tamamilə işğaldan azad edəcək, sülhməramlılara da ehtiyac olmayacaqdı.

Bəs, ordumuzun Dağlıq Qarabağı tamamilə işğalçılardan təmizləməməsinə nə mane oldu?

Reaksiya.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev müharibənin dayanmasının səbəblərindən danışıb:

“Prezident apardığı böyük diplomatik işin nəticəsi olaraq əks-hücum əmri vermişdi. Azərbaycana olan hörmət həm də Prezidentin sözünü tutmasına və öhdəliklərə sadiq qalmasına görədir. Bundan başqa, biz dünyadan təcrid olunmuş vəziyyətdə və sanksiyalar altında yaşaya, regionu böyük dövlətlərin qatıldığı döyüş alanına və beləliklə də xarabazarlığa çevirə bilmərik. Nə də nüvə silahına sahib Rusiya deyilik ki, onun Çeçenistanda etdiyini biz Dağlıq Qarabağda edə bilək və dünya bizə ciddi sanksiyalar tətbiq edib, döyüş meydanında vəziyyəti dəyişə bilməsin.

1992-ci ildə Azərbaycan Ordusu Dağlıq Qarabağda uğurlu əməliyyatlar həyata keçirərkən Boris Yeltsin tərəfindən AXC hakimiyyətinə təklif olundu ki, Dağlıq Qarabağın muxtar vilayət statusunu bərpa edək, bununla da problemə son qoyulsun. Amma həmin ərəfədə hamı fikirləşirdi ki, biz Xankəndini tutub, bu problemi birdəfəlik həll edə bilərik. Ona görə də təklif rədd edildi. Sonrasını hamımız bilirik. ABŞ bizə sanksiya tətbiq etdi, döyüş meydanında məğlubiyyətlər başladı. Ölkə böyük siyasi böhrana girdi, çoxlu əlavə rayonlar itirdik, bir milyon qaçqın qazandıq. Ermənilər kimi maksimalist olmaq lazım deyil, onlar Dağlıq Qarabağ ətrafındakı rayonları da qaytarmaq istəmirdi. Hazırda biz mümkün olan maksimum nəticə əldə etmişik. Bu, böyük qələbədir. Əgər belə olmasaydı, “Azərbaycanın ərazi bütövlüyü mənim üçün keçilməz xətddir. Babamın oğlu olsa belə, keçməm” deyən Ərdoğan, Azərbaycanı Türkiyə qədər sevən Hulusi Akar, Mövlud Çavuşoğlu bunu qələbə kimi qəbul edib, bizi yalandan təbrik etməzdi. Çünki bu həm özlərinə, həm bizə xəyanət olardı. Yaxud razılaşma səbəbindən Ermənistanda hakimiyyət böhranı yaranmazdı. Ən başlıcası, Prezident diplomatik uğura imza atmaqla görün nə qədər gəncin həyatını xilas etdi. Prezidentin “Qarabağ bizimdir!” şüarına heç kim şübhə etməsin. Yaxın zamanlarda hamı bunu əyani olaraq görəcək”.

Millət vəkili Rusiyanı düşmən kimi təqdim edənlərə səslənib:

“Sonda üzümü bir qrup vətəndaşımıza tutub deyirəm ki, fərqli fikir söyləmək konstitusion hüququnuz olsa da, Rusiyanı Azərbaycan xalqına düşmən kimi təqdim etməyi dayandırın. Ermənilər Türkiyəni, indi isə Rusiyanı düşmən kimi təqdim heç nə qazanmadıqları kimi, siz də heç nə qazanmayıb ölkəmizə ziyan vurursunuz. İkincisi, siyasi məqsədləriniz naminə razılaşmanı uğursuzluq kimi təqdim edib şəhid ailələrinin yaralarına duz basmayın. İmkan verin onlar qələbə ilə təsəlli tapsınlar, xalqımız qələbənin sevincini yaşasın. Biz bu razılaşmaya şəhidlərimizin qanı hesabına nail olmuşuq. Gələcəyə baxmaq lazımdır. Bölgənin inkişafı Azərbaycan, Türkiyə, Rusiya və İranın dostluq və əməkdaşlığından keçir”.

Reaksiya.az

Şərhlər