Ceyhun Bayramov G-77 təşkilatının nazirlər iclasında iştirak edib

13.11.2020 01:02     Siyasi reaksiya     93

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov G-77 (Qrup 77 və Çin) təşkilatının video-konfrans formatında keçirilən 44-cü illik Nazirlər iclasında iştirak edib.

Bu barədə Reaksiya.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycanın ötən ilin sentyabrında Qrupa tam hüquqlu üzvlüyündən sonra ilk dəfə nazirlər iclasında iştirak edən Xarici İşlər naziri çıxışında ölkəmizin G-77 qrupunun iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə davamlı inkişafın təminatına töhfə vermək işinə sadiqliyini vurğulayıb.

Qoşulmama Hərəkatının (QH) hazırkı sədri qismində Azərbaycanın BMT çərçivəsində ən böyük iki dövlətlər qrupu olan QH və G-77 arasında daha yaxşı sinergiyanın qurulması üçün Birgə Əlaqələndirmə Komitəsinin işinin canlandırılması üçün çalışacağı qeyd olunub.

COVID-19 pandemiyasının dünya dövlətlərinin sağlamlıq, iqtisadiyyat və sosial sistemlərinə ağır təsirindən bəhs edən Ceyhun Bayramov, Azərbaycanın bu qlobal böhranla mübarizə üçün beynəlxalq humanitar və inkişafa dəstək yardımından danışıb. Habelə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında QH ölkələri adından BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması təklifinin BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstəkləndiyi vurğulanıb. Nazir dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyanın bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi ilə bağlı BMT Baş Assambleyasının ötən həftə qəbul etdiyi qətnaməni dəstəklədikləri üçün G-77 ölkələrinə təşəkkürünü bildirib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər