Türk ordusu Qarabağa gəlməlidir, ancaq... - ŞƏRH

30.12.2020 14:16     Siyasi reaksiya     421

“Azərbaycanda bir çoxlarının söylədiyi və mütləq əksəriyyət tərəfindən dəstəklənən ideya budur ki, əgər Türkiyə hərbçiləri sülhməramlı əməliyyata qatıla bilmirsə, gəlib təmas xətti boyunca Azərbaycan əsgərləri ilə bərabər düzülsün, Şuşada, Hadrutda və digər vacib istiqamətlərdə yerləşdirilsin. Yəni Rusiya ilə razılaşma olmadan Azərbaycan və Türkiyə ayrılıqda orada yeni bir status-kvo yaratsın, güc göstərsin. Amma bu məsələ düşündüyümüz kimi asan deyil”.

Reaksiya.az xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli Türkiyə ordusunun Qarabağa gəlməsi ilə bağlı danışarkən deyib.

“Bu fikir qulağa xoş gəlir və insanı rahatladır. Amma belə bir addımın mümkün neqativ nəticələrini də soyuqqanlı şəkildə düşünməliyik.

- Birincisi, belə bir situasiyanın yaranması o deməkdir ki, biz Qarabağ torpaqlarının Rusiya və Türkiyə nüfuz zonalarına ayrılmasını qəbul edirik - təxminən II Dünya müharibəsindən sonrakı Berlin və Almaniya kimi.

Yəni, qəbul etmiş oluruq ki, Rusiya ermənilərin, Türkiyə isə bizim himayəçimiz rolundadır və bu missiyanı qanuni şəkildə yerinə yetirirlər. Bu cür vəziyyət – Dağlıq Qarabağın parçalanmasını faktiki olaraq tanımağımız və gələcəkdə Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə Azərbaycanın suverenlik hüquqlarının bərpasını daha da çətinləşdirər; 

- İkincisi, Türkiyə hərbi qüvvələrini təmas xəttinə - Rusiya qüvvələrinin qarşısına yerləşdirməklə rəsmi səviyyədə bəyan etmiş oluruq ki, Moskvaya güvənmirik, hətta onu birbaşa təhdid kimi görürük. İctimaiyyət olaraq biz (əksəriyyət) doğrudan da bu fikirdəyik, amma dövlət səviyyəsində Rusiyaya qarşı bu cür güvənsizlik və şübhə nümayişi onunla dialoq və anlaşma imkanlarının azalması ilə nəticələnə bilər. Bu soyuqlaşmanın hansı riskləri doğura biləcəyi məlumdur;

- Üçüncüsü, Türkiyə ordusunun tam təchizatlı olaraq Qarabağda yerləşdirilməsi və ruslar nə qədər ki, ordadır, onların da o müddətə ərazidə qalması bütün dünya tərəfindən ermənilərə real təhdid kimi qəbul ediləcək. Biz nə qədər əksini söyləsək də, dinləyən, inanan olmayacaq. Bu halda, Qərb də Rusiyanın buradakı hərbi mövcudluğunu dəstəkləmək zorunda qalacaq, sülhməramlı əməliyyat beynəlxalq legitimlik qazanacaq və daha da uzanması üçün əlavə əsaslar yaranmış olacaq. Hətta mümkündür ki, Rusiya nə vaxtsa çıxmaq istəsə belə, Qərb buna razı olmasın, xahiş eləsin ki, orda qalın və erməni əhalini qoruyun...

Reallıq budur ki, Qarabağ məsələsində Rusiya ilə razılaşmadan, ona meydan oxuyacaq tərzdə addımlar atmaq minalanmış sahəyə girməyə bərabər hərəkət olar”, - deyə politoloq bildirib.

Reaksiya.az

 

Şərhlər