"Terrorçular regiondan çıxarılmalıdır, əks halda..." - QARABAĞDA SON VƏZİYYƏT - VİDEO

31.12.2020 01:42     Siyasi reaksiya     557

Rusiya 10 noyabr tarixində imzalanmış birgə bəyanatın şərtlərinə dəqiqliklə əməl edilməsinə görə məsuliyyət daşıyır. Məhz sülhməramlı qüvvələrin regionda yerləşdirilməsinin məqsədi də bundan ibarətdir.

Reaksiya.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu son günlər işğaldan azad olunan ərazilərdə erməni terrorçu qruplarının törətdiyi təxribatlardan danışarkən deyib. O bildirib ki, Rusiya sülhməramlı qüvvələri ermənilərin təxribatlarının qarşını almalıdır:

“Azərbaycan istənilən razılaşmanın şərtlərinə dəqiqliklə əməl etdiyi kimi, birgə bəyanatın da şərtlərinə əməl edir. Amma Ermənistanın və ermənilərin xislətinə biz bələdik. Əvvəlcədən də bilirdik ki, onlar regionda təxribatlar törətməyə davam edəcəklər və razılaşmanın tələblərinə əməl olunması ilə bağlı problemlər yaşanacaq. Hesab edirəm ki, Rusiya sülhməramlıları qətiyyətli davranmalı, onların təxribatlarının qarşısını almalı və onları ərazidən çıxarmalıdır. Çünki birincisi bu, sülhməramlıların üzərlərinə götürdüyü öhdəlikdir, ikincisi də regionda yaşanan bu cür hallar Rusiyanın təhlükəsizlik məsələlərinə də təsir edir. Həmçinin, Rusiyanın sülhməramlı olduğu regionda belə təxribatların olması, onun nüfuzuna da çox ciddi zərər vurur. Terrorçu ermənilər təkcə Azərbaycan üçün deyil, birbaşa region üçün təhlükədir”.

Mahir Xəttab \ Reaksiya.az

Şərhlər