“Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir” - Prezident

18.05.2021 10:10     Siyasi reaksiya     607

Xəbər verdiyimiz kimi, ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Reaksiya.az xəbər verir ki, danışıq zamanı İlham Əliyev Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığını bildirib. 

Dövlət başçısı bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib. Münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Reaksiya.az

 

 

Şərhlər