"10 noyabr bəyanatından imtina edilsin" - YYP'nin BƏYANATI

05.06.2021 14:47     Siyasi reaksiya     812

İyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Azərtac-ın müxburi Məhərrəm İbrahimov,  AZTV-nin operatoru Sirac Abışov və Rayon İcra Hakimiyyəti başçısının kənd dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək  şəhid olması ilə bağlı Yeni Yol Partiyası bəyanat verib.
 
Reaksiya.az bəyanatın mətnini təqdim edir:
 
"İyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Azərtac-ın müxburi Məhərrəm İbrahimov,  AZTV-nin operatoru Sirac Abışov və Rayon İcra Hakimiyyəti başçısının kənd dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək  həlak olublar. 
 
10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlətinin iştirakı ilə bağlanmış Kapitulasiya müqaviləsindən sonra Azərbaycan tərəfi Ermənistandan dəfələrlə minaların xəritələrini tələb etsə də, Ermənistan bundan imtina etmişdir.  
Bütün olanlar bunu göstərir ki,  verilən yüzlərlə bəyanata baxmayaraq, Beynəlxalq Cenevrə konvensiysında mülki şəxslərin müdafiəsi haqqında qanuna baxmayaraq hələ də erməni terroru, erməni vandalizmi davam etməkdədir. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu ölkələrinə göndərilən bütün bəyanatlar cavabsız qalmış və məsələyə baxılmamışdır.  Elə bunun nəticəsidir  ki, müharibə bitdikdən sonra 27 Azərbaycan vətəndaşı  xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuşlar. Qeyd edək ki,  Ermənistan  10 noyabr aktından sonra törətdiyi terror aktları davam etməkdədir və ərazidə olan Rusiya sülhməramlıları məsələyə birtərəfli yanaşmaqdadır. Qeyd olunan fikirlərə əsaslanaraq YYP bəyan edir ki,  10 noyabr razılaşmasından imtina etmək haqqı bizdə yaranıb və bununla bağlı siyasi rəhbərlik diplomatik addımlar atmaq üçün dərhal  hərəkətə keçməli, Azərbaycan tərəfi ermənilərin cavabını anındaca kəskin şəkildə verməlidir!
Son olaraq  terror nəticəsində həlak olan vətəndaşlarımızın ailəsinə baş sağlığı verir, onlara Allahdan rəhmət diləyirik!"
 

Şərhlər