"Bu rüşvətxor məmurlarla bir yerə gedib çıxa bilmərik" - Hafiz Hacıyev

22.06.2021 16:11     Siyasi reaksiya     275

“Əslində Paşinyanın qələbə çalması gözlənilirdi. Rusiyanın böyük oyunlar qurması, Paşinyanı küncə sıxışdırması, Köçəryanı yenidən hakimiyyətə qaytarmasına erməni xalqı dözə bilmədi”.
 
Reaksiya.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyevin sözlərinə görə Paşinyanın yenidən hakimiyyətə gəlməsi ermənilər üçün də faydalıdır:
 
“Ermənistanda Paşinyanın qalib gəlməsi bizə çox sərf edir. Çünki o, 44 günlük müharibədə yaralı, uduzmuş adamdı. Paşinyan çalışır ki, Rusiyanın tam nəzarətindən çıxsın və qərbyönümlü siyasət yürütsün. Onun həm də fikri var ki, Azərbaycan və Türkiyəylə münasibətləri yaxşılaşdırsın. Paşinyan qalib gəldi və ermənilər müharibəyə səs vermədi. Əgər onlar müharibəni seçsəydilər, Köçəryana səs verərdilər. Paşinyanın qələbə çalması Azərbaycanın gələcəyi üçün xeyirlidir. Amma biz buna da arxayın olmalı deyilik, “ilanın ağına da lənət, qarasına da”. Əslində Paşinyanın qələbə çalması gözlənilirdi. Rusiyanın böyük oyunlar qurması, Paşinyanı küncə sıxışdırması, Köçəryanı yenidən hakimiyyətə qaytarmasına erməni xalqı dözə bilmədi. Çünki onlar bilirdilər ki, Köçəryan hakimiyyətə gəlsə, yenidən onları müharibəyə sürükləyəcək. Ermənilər isə artıq Qarabağ klanlarının bu oyunlarından bezib. Onlar da yaxşı yaşamaq, Avropaya inteqrasiya etmək istəyirlər. Bundan sonra bir çox şeylərin üstü açılacaq və biz daha da ayıq-sayıq olmalıyıq”. 
 
H.Hacıyev bizim hakimiyyətdə də ciddi islahatlara gedilməsinin vacibliyini vurğulayıb:
 
“Bizim özümüzdə də ciddi islahatlara başlamalıyıq. Paşinyanın bundan sonra Avropada və qərbdə nüfuzu artacaq. Biz bununla hesablamalıyıq ki, hansı həddə qədər gedə bilərik. Bu istiqamətdə ciddi addım atmalıyıq. Paşinyanın qalib gəlməsi demokratiyanın təntənəsi, Rusiyanın Qafqazda təklənməsi deməkdir. Artıq Gürcüstanda Rusiya uduzub, orda istədiyi adamı hakimiyyətə gətirə bilmədi. Biz də tədricən Rusiyadan uzaqlaşmalıyıq, çünki o heç bir dövlətə xoşbəxtlik gətirməyib. İstər Ukraynada, Gürcüstanda, istərsə də digər dövlətlərdə Rusiyanın uduzması bizə bir dərs olmalıdır. Biz işimizi elə qurmalıyıq ki, gələcəkdə peşman olmayaq. Paşinyan üçtərəfli sazişə imza atıb və buna da hörmət edəcək. Biz də düşünməliyik, çünki bu rüşvətxor məmurlarla bir yerə gedib çıxa bilmərik. Ona görə biz də ciddi islahatlara başlamalıyıq. Parlament təcili buraxılmalıdır və bu adamlardan canımızı qurtarmalıyıq. Ona görə bundan sonra regionda hələ ciddi oyunlar başlayacaq və düşünürəm ki, bu oyunların oyunçusu olmayaq və sona qədər də öz işimizi qələbə naminə görək”.
 

Şərhlər