"İran niyə Zəngəzurdan Azərbaycanı güdür?" - Politoloq

09.08.2021 13:48     Siyasi reaksiya     878

"İran dövlət nömrə nişanlı yük avtomobilləri Ermənistandan Qarabağa nə daşıyırdılar? İranın Ermənistandakı səfirinin Zəngəzura gedib oradan erməni hərbçilərlə birgə Azərbaycan tərəfini müşahidə etməsinin məqsədi nə idi?"
Bu sualları politoloq Elxan Şahinoğlu İran-Azərbaycan münasibətləri barədə danışarkən səsləndirib. Politoloq İranın Ermənistandan uzaq dayanmasının onlarına maraqlarına daha çox uyğun olduğunu bildirib:

"Aydındır ki, səfir özbaşına, yəni Tehrandan təlimat almadan Zəngəzura gedə bilməzdi. Əgər İran rəsmiləri Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik edirlərsə və Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyirlərsə, biz Tehranın buna uyğun siyasət yürütməsini gözləməkdə haqlıyıq.

Həsən Ruhaninin prezidentliyi dövründə ikitərəfli təmaslar, o cümlədən, Tehrandan Bakıya və əks istiqamətdə nümayəndə heyətlərinin səfərləri artdı. Tehran Bakı ilə birgə regional layihələrə maraq göstərməyə başladı. Hazırki prezident İbrahim Rəisi bu layihələri davam etdirməklə yanaşı İran şirkətlərinin Qarabağda yenidənqurma işlərində iştirak etməsini istəyir. Biz də bunu istəyirik. Biz elə etməliyik ki, İran həm sözdə, həm də əməldə Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı seçsin, Ermənistanı hər hansı bir şəkildə nəyəsə həvəsləndirməsin. Tehran Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü altılıq (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) təklifini dəstəkləyib. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın da maraqlarına cavab verir".
 
Politoloq İranın Xocalı soyqrımı ilə bağlı sənəd qəbul etməsi məsələsindən danışıb:

"İran Qərbin sanksiyaları ilə üz-üzədir və bu sanksiyaların yumşalacağı gözlənilmir. Buna görə də Azərbaycan İran üçün dünyaya açılan pəncərələrdən biridir. Şimal-Cənub nəqliyyat dəhlizi İran mallarının Avropaya daşınmasına imkan yaradır. Tehran bu əməkdaşlığın dəyərini düzgün qiymətləndirməlidir. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə Tehranda görüşü zamanı iranlı həmkarına təklif edib ki, İran parlamenti gələn il Xocalı soyqrımının 30-cü ildönümü ilə bağlı sənəd qəbul etsin. İran parlamentinin Xocalı soyqırımını pisləyən sənədin qəbulu İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Top İranın meydanındadır".(sfera.az)

Reaksiya.az

Şərhlər