“Əfqanıstanda baş verənlər ABŞ-ın öz ssenarisidir” - Politoloq

16.08.2021 13:23     Siyasi reaksiya     860

"Taliban” hərəkatının qısa zamanda əldə etdiyi sürətli qələbə razılaşdırılmış ssenarinin nəticəsidir”.
 
Bu sözləri  "Taliban”ın Əfqanıstanda hakimiyyətə yiyələnməsinin səbəblərindən danışarkən, politoloq Cümşüd Nuriyev deyib:
 
"Taliban ordusunun qısa zamanda sürətli qələbəyə nail olması əslində ABŞ-ın yeni bir siyasi layihəsindən qaynaqlanır. 1989-cu ildə Əfqanıstandan Sovet ordusunun çıxmasından iki ilə sonra SSRİ dağıldı. Görünür, indi də "Taliban”ın birbaşa, yaxud dolayı iştirakı ilə bir sıra ölkələrlə bağlı buna bənzər hanslsa planlar qurulub. Qərbin rəngli inqilabları artıq ciddi effekt vermir. Çox yerdə iflasa uğrayıb. Rəngli inqilabların artıq nəticə vermədiyini görən Qərb öz planına nail olmaq üçün yenidən Talibanı gündəmə gətirir”.
 
Həmsöhbətimizə görə, Əfqanıstanın ciddi döyüşlər olmadan "Taliban”a tabe etdirilməsi onu göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış və bir sıra dairələrlə razılaşdırılmış ssenarinin tərkib hissəsidir: "Əvvəlki Əfqan hökumətində təmsil olunanların bəzilərini "Taliban” da qəbul edib. Onlar "Taliban”ın sözçüsü, hətta hökumət aparatı rəhbərliyinə gətiriliblər. İnsanlarda belə fikir formalaşa bilər ki, taliblər hakimiyyətə öz güclərilə gəlib. Amma qısa zamanda baş verən olaylar bunun əksini deyir. Öz gücünə qalsaydı, "Taliban” az müddətdə belə uğurlara nail ola bilməzdi. Kabil alınmaz qala olsa da gördük ki, döyüşsüz təslim oldu”.(sfera)
 

Şərhlər