"Türkiyə Əsgəri bu gün Kabildə ən təhlükəli vəzifələr icra edirsə, o zaman Azərbaycan Əsgərinin qayıtması müzakirə edilməməlidir"

16.08.2021 13:26     Siyasi reaksiya     540

Bazar günü Taliban Kabili ələ keçirməklə Əfqanıstanda təkrar hakimiyyətə gəldi. Bu ABŞ-ın son 20 ildə Əfqanıstanın müstəqilliyinin bərpasına, demokratikləşməsinə və təhlükəsizlik qüvvələrinin modernləşdirilməsinə təxminən iki trilyon dollar xərcləyəndən sonra bu ölkəni tərk etmək qərarına açıqlamasından sonra mümkün oldu. 2 trilyon dollar böyük bir rəqəmdir, bu vəsaitlə hər bir əfqan ailəsini, o cümlədən Taliban üzvlərini evlə, ali təhsillə, əmlakla və maşınla təmin etmək olardı. 
 
Lakin Taliban bu təklifləri heç bir zaman qəbul etmək istəməyib. Onlar tək qalmaq və Orta əsrlərdə yaşadıqları kimi yaşamaq istəyirlər. Talibanın təhsil alan qızları daşqalaq etdiyi, kişiləri “yanlış” inancına görə asdığı, hərdən isə şiə məzhəbli qızılbaşlara divan tutduğu da məlumdur. Onlarınbəzi üzvlərinin düşüncəsinə görə iqtisadiyyatın ən ciddi sektoru narkotiklərin istehsalı və “kafirlərə” satışından ibarət olmalıdır. 
 
ABŞ tərəfindən ölkədəki müxtəlif proqramlara - təhsildən tutmuş hüquq -mühafizə qüvvələrinin təliminə, hər cür infrastruktur obyektlərinin qurulmasından yeni doğulan demokratiyaya dəstək verməyə qədər təxminən 140 milyard dollar sərmayə qoyuldu. İndi isəməlumolurki, bütün bu pullar boş yerə xərclənib. Türkiyədəbuproseslərəkifayətqədərdəstəkverib.
ABŞ-ın getməsi ilə Əfqanıstanda vəziyyətin gərginləşməsi barədə 3 ay əvvəl yazmışdım. Əfqanıstan gözlərimizin önündə qanlı ənənələri ilə qaranlıq orta əsrlərə qayıdır.20 il hazırlıq keçən və silahlanan əfqan ordusu və polisi, alay və briqadaların dağılması və ya Talibana təslim olması, nəticədə Əfqanıstanda hakimiyyətin dəyişməsi xəbərlərini üzüntü ilə izləyirik. Adətən Əfqanıstana kənardan gələn qüvvələr milli maraqlar ətrafında birləşən əfqanlar tərəfindən darmadağın edilərək geri qaytarılırdı, indi isə kənardan müdaxilə edən ABŞ, 20 ildə 2 trilyon dollar, yəni orta hesabla ildə 100 milyard dollar xərclədikdən sonra geri çəkilmək qərarına gəldi. Əslində hər il 100 milyard dollar istənilən ölkə üçün  çox böyük bir rəqəmdir, məsələn Rusiya və Almaniyanın birgə hərbi büdcəsinə bərabərdir.  
 
Hələ 2003 -cü ildə Pentaqonun rəhbəri olan Donald Ramsfeld Kabilə gələn kimi “Əməliyyatın döyüş hissəsinin tam və uğurla başa çatdığını” sevinclə elan etdi. Sonradan ABŞ hərbçiləri arasında itkiləri hər keçən həftə artmağa başladı, nəticədə növbəti dörd il ərzində  Əfqanıstandakı ABŞ əsgərlərinin sayı iyirmi mindən əlli minə çatdırıldı.
ABŞ qısa müddətdə Əfqanıstanı tam nəzarətə götürməklə tez bir zamanda hərbi qələbə qazandılar. Lakin məğlub olan Əfqanıstanla bundan sonra nə edəcəklərini bilmirdilər. Təxminən Sovet İttifaqı və Böyük Britaniyanın onlardan əvvəl getdiyi yol ilə və yalnış istiqamətə getdilər.
 
“Kreml ağsaqqalları” Əfqanıstanda sosializmin Asiya modelini, amerikalılar isə demokratiya qurmaq istəyirdi. Nəticə isə məlumdur, çünki əfqan xalqı nə sosializmə, nə də demokratiyaya hazır deyildi. Əfqanıstan əsasən tacik, türkmən, özbək, puştun, xəzər, uygur və s. kimi çox millətlərdən ibarətdir. Barak Obama sələflərinin təcrübəsini nəzərə alaraq, “millətin qurulmasına qarışacağına” söz verdi. Sonra bu şüarı Donald Tramp ələ keçirdi. Obamanın dövründə bəşəriyyətin “sehrli bölgəsindəki” Amerika əsgərlərinin sayı 100 minlik rekord həddə çatdırıldı. Və ən parlaq ABŞ siyasi texnoloqları yeni bir millət qurmaq üçün səfərbər edildi. Nəticədə ABŞ trilyonları, SSRİ milyardları kimi“imperiyalar məzarlığı” tərəfindən əvəzsiz olaraq həzm edildi.  
 
Müqayisə üçün: bütün Qərbi Avropa üçün II Dünya Müharibəsindən sonrakı “Marshall Planı” Amerikaya daha ucuz başa gəlmişdi. Bu planın köməyi ilə Avropa xarabalıqlardan qalxmışdı. Əfqanıstana ayrılan milyardların acgöz və rüşvətxor məmurların, o cümlədən güc strukturlarının rəhbərləri tərəfindəntalan edildiyi şübhə doğurmur, buna görə də yerli əhali Qanini təyyarəyə mindirən kimi Talibanı alqışlarla qarşıladı. 
 
Qəndəhar yaxınlığındakı ABŞ-ın milyonlarla dollarlıq bədnam “sənaye parkı” kağız üzərində qaldı. Ölkənin elektrikləşdirilməsi ilə bağlı qlobal GOELRO layihəsi də çox uğursuz oldu. Əfqanlar amerikalıların tikdiyi istixanaları belə nədənsə işlətmək istəmirdilər.
 
Xalq tərəfindən seçilən prezidentin rəhbərlik etdiyi Əfqanıstan “demokratik bir dövlət” qurmaq istəyirdimi? Çox sayda tayfanın yaşadığı, bəzilərinin isə bir-birilə ziddiyyətlərinin olduğu bir ölkədə güclü mərkəzləşdirilmiş hökumət yaratmaq elə də asan məsələ deyil. ABŞ-ın nəzərə almadığı da məhz bu oldu. Əfqanıstan üzərinə çökən Taliban, yaxında ölkə hüdudlarından kənara çıxacaq və region ölkələrinin sabitliyini birbaşa və ya dolayısı ilə təhdid edəcək.
 
Bəs niyə bu və ya digər millətlər və xalqlar, rejim dəyişikliyindən və ya növbəti xarici nəzarət layihəsinin sona çatmasından dərhal sonra sivilizasiya və tərəqqi yolunu bu qədər tez və asanlıqla tərk edirlər?
 
21 -ci əsrdə bəzi millətlər hələdə nə pulu, nə demokratiya dərslərini, nə də infrastruktur imkanlarını hədiyyələrşəklində qəbul etmir. Taliban düşüncəsi isə hələdə orta əsrlərdə qalıb. Onlar dəyişmək niyyətində olduğu hələ şübhə altındadır. O zaman sual yaranır ki, “orta əsrdə” qalan və indi hakimiyyətə təkrar qayıdan qəddar Talibanla necə davranılmalıdır? Bu sual hazırda daha çox Əfqanıstanın qonşusu olan ölkələri maraqlandırır. Əvvəlcə Talibanla qısaca tanış olaq. 
 
Taliban 1994-cü ildə yaranan və 1996–2004-cü illər arasında Əfqanıstanın bütün ərazisini idarə edən bir hərəkatdır.Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görətəşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı.
 
Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti o dövrdə yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanındı. 
 
İndi isə yeni sülhməramlı kontingentlərin yaradılması və bütün dünya ilə birlikdə Talibanla savaşa davam edilməsi təklifi eşidilir. Bir neçə milyon Taliban üzvü olan Əfqanıstan vətəndaşını öldürməklə “Əfqanıstan məsələsi” həllini tapa bilərmi? Məncə yox, çünki bunu ABŞ və Rusiya artıq uğursuz bir şəkildə tətbiq edib. Həm də xarici düşmən peyda olan kimi əfqan xalqı birləşərək mübarizə aparır, xarici düşmən çəkildikdən sonra isə öz aralarında mübarizəyə başlayırlar. Talibanın hakimiyyətdə nə qədər qalacağını söyləmək çətin olduğu üçün, Türkiyə və Azərbaycan Əfqanıstanla bağlı qərar qəbul edərkən müttəfiqləri Pakistanın və yerli türk xalqlarının mənfəətlərini, hətta onların hakimiyyətdə təmsil olunmasını nəzərə almalıdırlar. 
 
İkinci bir təklif, Əfqanıstanla sərhəddə, ABŞ-ın cənubunda Meksika ilə sərhəddə olduğu kimi, 1000 kilometrlərlə uzanan divarların tikilməsi isə müddət və vəsait tələb edəcək, həm də divarın Talibanı durduracağı şübhə doğurur.
 
Bu məsələlər hərtərəfli formatda, Əfqanıstanın müttəfiqləri, qonşuları ilə birlikdə, BMT çərçivəsində həll edilməlidir. Əfqan xalqının orta əsrə qayıtmasına yol verilməli deyil. Türkiyənin bu istiqamətə göstərdiyi səylər bu məsələdən mütləq təsirlənəcək region ölkələri tərəfindən hərtərəfli dəstəklənməlidir. 
 
Talibanın ətrafa təsirini dayandırmaq üçün real siyasi və diplomatik fəaliyyətlər həyata keçirilməlidir. Əks halda yaxın zamanda Orta Asiya respublikalarının, o cümlədən KTMT-nin sərhədlərində artan təhdidlər müşahidə olunacaq. İran üzərindən Türkiyəyə köçkünlərin axını sürətlənəcək. Hazırda Talibana real təsir imkanları Pakistana və Çinə məxsusdur. Türkiyə də bu məsələdə İslamabad və Pekinlə təmasdadır. Ətrafdakı heç bir ölkə qaçqın dalğasından sığortalanmayıb. Əfqanıstanın qonşuları ilə sərhəd zonasının Talibanın nəzarətində olması, tonlarla narkotikin ətrafa daha maneəsiz şəkildə paylanması deməkdir. Bu həm də dolayı yollarla Avropa və Asiyanı, o cümlədən  Azərbaycanı ciddi şəkildə təhdid edəcək faktlardan biridir. Odur ki, Əfqanıstanda hakimiyyətə gələn Talibannarkotik ixracatına qarşı real mübarizə aparmazsa, kəskin sanksiyalara məruz qala biləcək. Almaniya artıq şəriət dövləti yaradılarsa, Əfqanıstana bir qəpik yardım edilməyəcəyini açıqlayıb. Bu qərar digər Avropa ölkələrini də analoji addım atmağa yönləndirə bilər. 
ABŞ-dan sonra Əfqanıstandakı bütün investisiya və iqtisadi layihələrə vəsait ayrılması artıq gözlənilmir. Təhsil və səhiyyə sahəsində islahatlar da yaddan çıxacaq. Talibanın hakimiyyəti zəbt etməsindən sonra “Böyük İpək Yolu”nun Əfqanıstandan keçməsi məsələsi Çinin narahat edən əsas faktordur. Taliban hakimiyyətə gələn kimi Çindən maliyyə yardımı istəməsi, yeni hakimiyyətin bu yardımı almadan ayaqda qala bilməyəcəyini nümayiş etdirir. Sənaye və energetikanın kənar yardım olmadan süqut edəcəyi də şübhə doğurmur.
 
Regionun, ardınca isə bəşəriyyətin başı üzərini təkrar Taliban kimi qara bir bulud almaqdadır. ABŞ Əfqanıstanı tərk etməklə, ətrafdakı rəqiblərini Taliban təhlükəsi ilə mübarizə aparmağa vadar edə bildi. Vəziyyətin isə hər gün daha kritikləşdiyini müşahidə edənlər,paytaxt Kabildən sonra ən böyük 2-ci şəhəri Qəndəhar və 3-cü şəhər Herat, həmçinin bütün sərhəd qapıları Talibanın nəzarətinə keçməsindən sonra Əfqanıstan hakimiyyətinin qısa müddət ərzində Talibana keçəcəyini anladılar. Əfqanıstan qoşunları Herat, Qəndəhar və Ləşkərgahda Taliban qüvvələrinə təxminən bir ay ciddi müqavimət göstərməyə çalışdılar. Orada onları təkcə Əfqanıstan Hərbi Hava Qüvvələri yox, B-52H strateji bombardmançıları da daxil olmaqla ABŞ təyyarələri də güclü hava zərbələri ilə dəstəklədi. Lakin sonda bu qarnizonlar mühasirəyə alınaraq təslim olmaq məcburiyyətində qaldılar. İyul ayından sonra Taliban taktikalarını dəyişdirərək ordu və hökumət məmurlarına əfv elan edərək onlara ölkənin müharibədən sonrakı idarəetmə strukturlarındavəzifə vəd etdilər. Bu, dərhal yüzlərlə adamdan ibarət dəstələrin təslim olması və sonda Kabilin süqutu ilə nəticələndi. Hazırda bütün şəhər və əyalət liderləri ya Talibantərəfinə keçib, ya da qətlə yetirilib.Əfqanıstanda səfirliklər bağlanır. Taliban isə ABŞ və digər ölkə səfirliklərinin ölkəni tərk etməsinə maneə törətmir. 
 
Əfqanıstan ordusunun rəhbərləri, o cümlədən general Rəşid Dostum Talibana qarşı “son qanlarına” qədər müqavimət göstərəcəklərini desədə, bunu etmədi. Ölkə Prezidenti Ə.Qani və general Rəşid Dostum eyni gündə ölkəni tərk etdilər. Hələ ki, Türkiyədən başqa NATO-da kimsə Taliban məsələsinin həlli üçün real addımlar atmaq niyyətində deyil. Orda mövcud olan hərbi qüvvələr, Azərbaycan və Türkiyə xaric, Əfqanıstandan ildırım sürəti ilə çıxırlar. 
 
Hazırda Əfqanıstanda yeni hərbi-siyasi vəziyyət yaranıb. Bu vəziyyət Pakistan, Çin, Hindistan və İran faktorları ilə bərabər Əfqanıstanda yaşayan türkmənlər və köçkünlər məsələsi nəzərə alınmaqla yenidən dəyərləndirilməlidir. Bu dəyərləndirilmə əsasında Türkiyə və Azərbaycan yeni qərar qəbul etməlidir. Türkiyə və Azərbaycan sülhməramlıları NATO tərkibində Əfqanıstanda fəaliyyət göstərirdilər. Hazırda NATO bu fəaliyyəti dayandırıb və ölkəni intensiv şəkildə tərk edir. Yaxın zamanda Taliban Əfqanıstan İslam Əmirliyinin yaradılmasını elan edəcək. Hərbçilərimizin Əfqanıstanda qalmaqda davam etməsi, Taliban hakimiyyətini tanımağımız anlamına gələ bilər. Əfqanıstanda hərbi qüvvə saxlamaq üçün Taliban həm Türkiyəyə, həm də Azərbaycana dəvət təklifi verməlidir. Bu dəvət təklifini parlamentlər müzakirə etməli və hər iki ölkənin prezidentlərirazılıq verməlidir. 
 
Talibanı ilk tanıyanlarQətər, Pakistan, Çin, Səudiyyə Ərəbistanı və BƏƏ olacağı şübhə doğurmur. Türkiyənin yaxın müttəfiqləri olan Pakistan və Qətər hazırda Talibana real təsir gücü olan ölkələrdir. Taliban Türkiyə ilə əməkdaşlıqda maraqlı olduğunu gizlətmir. Türkiyə isə Əfqanıstanın sabitliyində maraqlıdır, çünki dünyada evindən eşiyindən çıxan hər bir müsəlman, ilk növbədə Türkiyəyə üz tutur. İndi isə əfqanlar İran üzərindən axın edir. Növbəti milyonlarla köçkün Türkiyəyə ciddi problemlər vəd edir. 
Çin maliyyə yardımı göstərəcəyi təqdirdə Əfqanıstanın Hindistana sərhəddinə yaxın ərazilərdə hərbi aviabaza yerləşdirəcəyi mümkündür. 
 
Yaranan yeni və mürəkkəb geosiyasi vəziyyətdə bütün müsbət və mənfi faktorların bir daha Turkiyə və Pakistanla dərindən gözdən keçirilməsi, hərbi kontingentimizin Əfqanıstanda hansı statusda qalması təkrar dəyərləndirilməli və buna görə növbəti addımların atılması üçün qərarlar qəbul edilməlidir. Azərbaycan Əsgərinin Türkiyənin mövcud olduğu hər nöqtədə, o cümlədən böyük imperiyaların “dəfn edildiyi” Əfqanıstanda Mehmetciyə dəstək verməsi isə  bizim qardaşlıq borcumuzdur. Əgər Türkiyə Əsgəri bu gün Kabildə təhlükəli vəzifələr icra edirsə, o zaman bizim Əsgərimizin qayıtması müzakirə edilə bilməz. Ya birlikdə qayıdarıq, ya birlikdə davam edirik. Bu indiyə qədər belə olub, bundan sonra da belə olacaq. Buna görə də kimsə digər tərəfə təşəkkür etməli deyil, çünki qardaş qardaşa təşəkkür etməz.  
 
Ədalət Verdiyev, hərbi ekspert
 

Şərhlər

Çox oxunanlar