Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatıb

16.12.2021 09:50     Siyasi reaksiya     281

Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Dövlət başçısı Sammitdə çıxış edib. Prezident İlham Əliyev çıxışında uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident İlham Əliyev sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu ilin iyul ayında Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfərini və səfər çərçivəsində onunla keçirdiyi görüşləri məmnunluqla xatırladıb, bu əsnada regional məsələlərə dair ətraflı müzakirələrin aparıldığını qeyd edib.

Dövlətimizin başçısı regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib. Bu xüsusda Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 5 saata yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini xüsusi qeyd edib. Prezident İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb. Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb.

Reaksiya.az

Şərhlər