Prezidentin köməkçisi: "Azərbaycan yeni Cənubi Qafqazın qurulmasına çalışır”

18.12.2021 11:00     Siyasi reaksiya     321

“Azərbaycan Cənubi Qafqaz regionunda 30 ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyaraq yeni reallıq yaradıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gülüstan Sarayında Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti, müvafiq qurumlardan yüksək səviyyəli nümayəndələr, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların ofislərinin rəhbərlərinin iştirak etdiyi XİN tərəfindən ilin yekunlarına həsr edilmiş qəbulda deyib.

Prezidentin köməkçisi bu gün Azərbaycanın bölgədə regional əməkdaşlıq, kommunikasiyaların açılması, dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərinə və məramlarına əsaslanan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışdığını qeyd edib.

Hazırda Azərbaycanın qarşısında azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin geri qaytarılması kimi vacib məsələlər durduğunu bildirib. Bu xüsusda, ən böyük maneələrdən biri mina təhlükəsi olduğunu və bu təhlükənin aradan qaldırılmasında Azərbaycan beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid etdiyini vurğulayıb. Hikmət Hacıyev yeni il münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Reaksiya.az

 

Şərhlər