Paşinyan Soçidə və Brüsseldə verdiyi sözləri tutacaqmı? - 2 rəy

18.12.2021 12:31     Siyasi reaksiya     310

Brüssel səfərindən qayıdan Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla nəqliyyat əlaqələrinin, xüsusən də dəmir yolu xəttinin açılmasının ölkəsi də daxil, bölgə üçün mühüm önəm daşıdığını, hətta regionun simasını dəyişəcəyini bildirib. Belə görünür ki, Ermənistan rəhbərliyi üçün real addımlar atmağın zamanı çatıb.

Bəs Nikol Brüsseldə verdiyi sözü tutacaqmı, onun “ipinə odun yığmaq” olarmı? Unutmayaq, bu həmin Paşinyandır ki, “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Nikol radikal-revanşist müxalifətin müqavimətini necə, qıra biləcəkmi?

Bu da maraqlıdır ki, Paşinyan Brüssel danışıqlarından sonra - dekabrın 16-da Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanı qəbul edib. İrəvanda keçirilən məxfi görüşün detalları, müzakirə olunan məsələlər açıqlanmayıb. Nikol Araikə nə deyə, nə tapşıra bilərdi?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan həm Soçidə, həm də Brüsseldə verdiyi sözləri tutmaq məcburiyyətindədir: “Hələ 44 günlük müharibə dövründə Qərbdəki havadarlarına güvənən və onların real addımlar atacağına ümid edən Ermənistan lideri umduğunu ala bilmədi və acı həqiqətləri anlamağa başladı. Anladı ki, Qərbin ciddi dəstəyinə bel bağlamaq, onun ermənilərə görə Rusiya və Türkiyə ilə kəskin konfrontasiyaya gedəcəyini düşünmək ağılsızlıqdır. Bu baxımdan onun  Brüsseldən qayıdan kimi dərhal əməli addımlar atmağa başlaması başadüşüləndir.

Abutalıb Səmədov: “Revanş cəhdlərində heç kim Ermənistanı dəstəkləmir və bundan sonra  da dəstəkləməyəcək”

Nikol Paşinyan bir daha gördü ki, həm Rusiya, həm Qərb ölkələri regionda sabitliyin yaranmasında, sülhün bərqərar olmasında, iqtisadi əməkdaşlığın formalaşmasında maraqlıdır. Revanş cəhdlərində heç kim Ermənistanı dəstəkləmir və bundan sonra  da dəstəkləməyəcək. Dünya regionda Azərbaycanın formalaşdırdığı status-kvonu qəbul edir və onun dəyişdirilməsini istəmir. Güman edirəm ki, bundan sonra bölgəmizdə iqtisadi əməkdaşlığın təmin olunması üçün ciddi addımlar atmaq, itirilmiş zamanı əvəzləmək, Ermənistanın təxribatları ucbatından ləngiyən tədbirlər qrafikini vaxtında icra etmək mümkün olacaq”.

A.Səmədov qeyd etdi ki, Araik Arutyunyanın İrəvana dəvət olunması çox güman ki, Ermənistan hərbçilərinin ərazimizdən tamamilə çıxarılması və “Qarabağ özünümüdafiə ordusu” deyilən qondarma qurumun tərk-silah edilməsi zərurəti ilə bağlıdır: “Ermənistanda və Qarabağda əhalini atılacaq addımlara hazırlamaq və eyni zamanda ”status" məsələsində geri çəkilməyin qaçılmaz olduğunu onlara başa salmaq istiqamətində ləngimədən addımlar atılmalıdır və əminəm ki, atılacaq.

Revanşa ümid edənlərin müqavimətini qırmaq heç bir çətinlik törətməyəcək. Rusiyadan arzuladığı dəstəyi ala bilməyən Köçəryan-Sərkisyan cütlüyünün artıq reallıqla barışdığını və revanşın qeyri-mümkünlüyünü anladığını düşünürəm. Rusiyanın və Qərbin dəstəyini alan Paşinyanın qarşısında onsuz da nüfuzdan düşmüş bu qüvvələrin dayanması qeyri-mümkündür".

Oqtay Qasımov: “Yəqin ki, Paşinyan Araiki reallıqlara uyğun davranmağa dəvət edib”

Siyasi şərhçi Oqtay Qasımov isə bildirdi ki, Nikol Paşinyan Brüsseldən qayıtdıqdan sonra bu razılaşmanı dəqiqliklə yerinə yetirmək istiqamətində fəaliyyət göstərəcəklərini də deyib: “Paşinyan eyni zamanda deyib ki, bu razılaşma dəqiq şəkildə həyata keçirildiyi təqdirdə siyasi, iqtisadi, təhlükəsizlik mühitini yaxşılaşdıracaq. Erməni baş nazir fikirlərini bir az da genişləndirərək Türkiyə ilə aparılan danışıqların effektiv olacağı halda Horadiz-Mehri-Ordubad-Culfa-Arazdəyən dəmir yol xəttinin Qarsa qədər uzadıla bilməsi variantının da mümkün olacağını bildirib. Hətta Ermənistanda həmin dəmir yollarının bərpası üçün lazım olacaq vəsaitin təxmini miqdarını da qeyd eləyib.

O ki qaldı Ermənistanın verdiyi vədləri yerinə yetirməkdən boyun qaçırmaq kimi adətinə, burada məsələ bir az mürəkkəbdir. Doğrudur, Ermənistanda son dövrlər müəyyən siyasi qüvvələr, konkret olaraq parlamentdən kənarda olan siyasi partiyalardan birinin rəhbəri Edmond Manukyan da Azərbaycan və Türkiyə ilə əlaqələrin, dialoqun başlanmasına tərəfdar olduğunu bildirdi. Xüsusilə də o, Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoqun daha uyğun olacağını söylədi. Nikol Paşinyanın öz sözünü tutub-tutmayacağına gəlincə, bu da birmənalı cavab verməyin mümkün olmadığı sualdır. Çünki Paşinyan xarakter etibarilə tez-tez fikrini dəyişən şəxsdir. Amma digər tərəfdən nəzərə almaq lazımdır ki, artıq Ermənistanın manevr etmək imkanları tükənib, xüsusilə, Soçi görüşündən sonra ermənilərin son ümidi olan Brüssel toplantısı və görüşündən də Ermənistan əliboş qayıtdı. Onların təklif elədiyi gündəlik artıq reallıqla uzlaşmır və dünyanın məsələyə münasibəti fərqlidir. Beynəlxalq institutlar, qüvvələr Azərbaycanın təklif elədiyini daha doğru hesab edirlər və müdafiə eləyirlər. Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq Avropa Birliyinin də mövqeyi ortadadır. Ona görə də Ermənistanın artıq bu qüvvələrə müqavimət göstərmək imkanları yox dərəcəsinə gəlib. Rusiyanın siyasi iradəsi, o cümlədən artıq İranın da bu prosesdə maraqlı olması bu qənaətə gəlməyə əsas yaradır ki, üçtərəfli komissiya yəqin konkret olaraq bu məsələlərlə bağlı bir qrafiki də yaxın zamanlarda təqdim edər".

O.Qasımov hesab edir ki, Nikol Paşinyanın Brüsseldən qayıdandan sonra Araik Arutyunyanı İrəvana dəvət etməsi və onunla qapalı görüş keçirməsi Paşinyanın Brüsseldə keçirdiyi görüşlərlə bağlı və ümumiyyətlə yeni yaranmış durumla bağlı ona mesajlarını, məlumatları çatdırmaq üçündür: “Yəqin ki, Paşinyan Araikə xüsusilə də Laçın dəhlizinə aid məsələni izah edib və real durum haqqında bilgi verib və onları bu reallıqlara uyğun davranmağa dəvət edib”.

Şərhlər