Türk lirəsini ucuzlaşdıran ilginc səbəblər - iqtisadçılardan 2 fərqli şərh

18.12.2021 13:19     Siyasi reaksiya     335

Qardaş Türkiyədə milli valyuta lirə dollara münasibətdə yenə antirekord vurub - 16 lirə. Türkiyənin milli pul vahidi son sutka ərzində ucuzlaşmaqda davam edib. Belə ki, hazırda ABŞ dolları qarşısında Türkiyənin milli pul vahidi üzrə məzənnə 1 ABŞ dolları - 16,0150 lirə nisbətindədir. Bu, lirə üçün tarixi antirekorddur. Bəs proses hara kimi, daha nə qədər davam edəcək? Konkret proqnoz söyləmək mümkünmü?

Aydındır ki, lirənin süni şəkildə dəyərsizləşməsində maraqlı olan xarici çevrələr və daxili amillər var ki, onlar Ərdoğan hökumətinin iqtidardan getməsində ortaq marağa sahibdir. Bələ olan surətdə AKP iqtidarı ölkədə sövq-təbii sosial-iqtisadi narazılığı artıran, bahalaşmanı körükləyən inflyasiyanı durdura biləcəkmi?

İqtisadçı millət vəkili Azər Badamov “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Türkiyənin milli valyutası olan lirə təəssüf ki, siyasi oyunların təsiri altında dəyərini itirir. Bu proses iqtisadi qanunlara uyğun gəlmir və lirənin əsl qiyməti heç də 16 deyil. Düşünürəm bu, Türkiyə dövlətini gücdən salmaq üçün xarici dairələrin qurduqları oyundur. Bu gün Türkiyənin güclənməsini istəməyən dairələr kifayət qədərdir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə sözünü deyən, dünya ölkələrinin boy sırasında yeri görünən ölkəyə çevrilib. Türkiyə indiki qədər heç vaxt güclü olmayıb. Türkiyəni istəməyən dairələr bir neçə il əvvəl  ölkə daxilində  siyasi sabitliyini pozmaq  istiqamətində cəhdlər etdilər. Türkiyə dövləti  belə qüvvələri vaxtında neytrallaşdırdı və dövlətçiliyə xələl gətirə biləcək bütün cəhdlərin qarşısı alındı. Həmin dairələr gördülər ki, siyasi yollarla Türkiyə dövlətinə müdaxilə etmək mümkün deyil.

Ona görə də iqtisadi alətlərdən istifadə etməklə milli valyutasını dəyərsizləşdirərək ölkədə narazılıq yaratmaq istəyirlər. Bu illər ərzində Türkiyə Prezident Ərdoğanın rəhbərliyi altında hər bir çətinlikdən uğurla çıxa bilib. Düşünürəm ki, indi türk lirəsi ilə bağlı yaradılmış bu süni vəziyyətdən də Türkiyə dövləti ağıllı qərarlar qəbul edərək uğurla çıxacaq. Bu, Mərkəzi Bankın uçot dərəcələrini aşağı salmaqla, minimum əmək haqqını iki dəfəyə qədər artırmaqla və digər alətlərdən istifadə etməklə dövlət milli valyutanın ucuzlaşmasının insanlara təsirini azaltmağına yönələcək. Düşünürəm ki, mövcud problemin həll edilməsi üçün Türkiyə hökuməti lazımı tədbirlər görməsini davam etdirəcək”.

AĞ Partiyanın İqtisadiyyati Komissiyasının sədri, iqtisadçı-ekspert Vüsalə Əhmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Hazırda türk lirəsinin xarici valyutalar qarşısında dəyərdən düşməsinin səbəbləri olaraq qlobal qeyri-müəyyənlik və ya geopolitik vəziyyət göstərilə bilər. Ancaq əsas səbəb, Türkiyə Mərkəzi Bankının (TCMB) durmadan faiz dərəcələrini endirməsidir. Məlumdur ki, inflyasiya zamanı mərkəzi banklar əsasən ”sərt pul krediti" siyasətinə üstünlük verir, Türkiyə isə tam əksini həyata keçirir. Türkiyə inflyasiya riskinin yüksək olduğu bir ölkədir. İnflyasşya səviyyəsi 20-25% olduğu bir vəziyyətdə TCMB-nın faiz dərəcələrini endirməyə davam etməsi təbii olaraq ölkədə “valyuta böhranına” yol açır. “Yumşaq pul siyasəti” inflyasiyanın 2%-dən aşağı olduğu bir şəraitdə effektiv sayıla bilər. TL-nin dəyərdən düşməsinin qarşısının alınması üçün rezervlərdən istifadə olunması və ya likvidlik tədbirlərinin də uzun müddətli effekt verə biləcəyini düşünmürəm. Yüksək inflyasiya, TL-nin dəyərdən düşməsi 2022-ci ildə də davam edəcək. Ancaq ola bilər ki, 2022-ci ilin ilk yarısında TCMB basqılara tab gətirməyərək faiz dərəcələrini artırsın".

İqtisadçı əlavə edib ki, TCMB-nın yürütdüyü bu siyasətin bir strategiya olduğu da düşünülə bilər: “Məlumdur ki, iqtisadiyyatın ən məşhur hipotezlərindən biri, ”milli valyutanın xarici valyutalar qarşısında dəyəri ilə, xarici ticarət arasındakı əlaqəni ortaya qoyan hipotez"dir. Yəni, ölkənin valyutası xarici valyutalara nisbətdə ucuzlaşarsa, ixrac ucuzlaşacağı üçün artacaq, idxal isə bahalaşacağı üçün azalacaq. Təbii ki, belə olan şəraitdə digər iqtisadi faktorlar da nəzərə alınmalıdır. Məsələn, milli valyutası ucuzlaşan ölkənin ixrac mallarını alacaq olan digər ölkələrdəki iqtisadi vəziyyət və ya ixrac və idxal malları üçün “Marşall-Lerner” şərti və s. digər faktorları stabil qəbul etsək, Türkiyə valyutasının dəyərdən düşməsi bu ölkənin ixrac mallarının ucuzlaşmasına səbəb olacağı üçün ölkənin ixrac potensialı daha da arta bilər. Ancaq o da var ki, TL-nin dəyərsizləşməsi bir tərəfdən də istehsal xərclərini artırır. Enerji daşıyıcılarının qiymətinin kəskin yüksəlməsinə səbəb olur. Bu da, birbaşa istehlakçıların büdcəsinə təsir edir, alıcılıq qabiliyyəti zəifləyir və nəticədə xalq arasında kütləvi narazılıqlar baş qaldırır. Cumhurbaşkanı Ərdoğan bir çıxışında Türkiyədəki mövcud vəziyyəti “faiz və məzənnə” oyunu adlandırmışdı. Ancaq düşünmürəm ki, TCMB-nın bu siyasətindən cumhurbaşkanı xəbərsizdir və ya dəstək verməyib".

Şərhlər