Müdafiə naziri: “Tovuz döyüşləri Azərbaycan Ordusu üçün bir sınaq oldu”

22.12.2021 13:29     Siyasi reaksiya     240

“2019-cu ilin oktyabr ayının 4-də “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında Prezident İlham Əliyevin bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri bir an içində Azərbaycan dövlətinin və xalqının yeni məramına, ümumxalq şüarına çevrildi. Azərbaycan Ordusunun şəxsi heyəti də “Qarabağ Azərbaycandır!” milli şüarını müasir dövrün yeni çağırışı, səfərbəredici hədəfi kimi qəbul etdi. Ali Baş Komandanın “nida” işarəsi dedikdə məhz Silahlı Qüvvələr amilini nəzərdə tutduğunu tək biz hərbçilər deyil, bütün xalqımız, bütün dünya anlayırdı”.

Musavat.com-un məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

Müdafiə naziri vurğulayıb ki, həmin dövrdə Azərbaycan Ordusunda döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv hal alıb: “Ali Baş Komandanın tapşırığına və illik döyüş hazırlığı planına uyğun olaraq iyul ayının əvvəllərində Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində, o cümlədən Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda genişmiqyaslı hərbi təlimlər başladı. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin isə döyüş ruhunun, qələbə əzminin yüksəlməsini hərbi hissələrdə keçirdiyim çoxsaylı görüşlərdə şəxsən müşahidə etdim. Ön xətdə xidmət edən hərbi qulluqçularla görüşlərim, həmçinin üzbəüz yerləşən düşmən mövqelərini müşahidələrim ordumuzun nəinki düşmən təxribatına layiqli cavab verməyə, hətta Zəfər qazanmağa tam hazır olduğunu bir daha təsdiq etdi”.

Təxribatçı əməllərindən əl çəkməyən Ermənistanın daha bir diversiyasının qarşısının alınması məqsədilə keçirilən və tarixə Tovuz döyüşləri kimi düşən cavab tədbirləri zamanı Azərbaycan Ordusu növbəti dəfə düşmənə sarsıdıcı zərbələr vurdu: “2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından da istifadə etməklə mövqelərimizi atəşə tutdu. Düşmənin məqsədi yeni əraziləri ələ keçirmək idi. Lakin işğalçı qüvvələrin irəliləməsinin qarşısı qətiyyətlə alındı, onlar itki verərək geri çəkildilər və ərazi itkisinə yol verilmədi. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında oldu.

Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasının qapalı hissəsində Prezident İlham Əliyev hərbi vəziyyəti təhlil edərək konkret tapşırıqlar, göstərişlər verdi. İyulun 17-dək davam edən düşmən təxribatına qarşı bölmələrimiz tərəfindən sərt cavab tədbirləri görüldü. Azərbaycan Ordusunun bölmələrinin daha üstün silahlardan endirdiyi dəqiq zərbələrlə qarşı tərəfin müxtəlif təyinatlı hərbi və avtomobil texnikaları, zirehli transportyorları, döyüş vasitələri, artilleriya qurğuları, komanda, idarəetmə və dayaq məntəqələri, qərargahları, hərbi infrastrukturu, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyatlar, köməyə gəlməyə çalışan bölmələri və xeyli sayda canlı qüvvəsi məhv edildi”.

Nazir qeyd edib ki, Tovuz döyüşləri yeni ərazilərin işğalına yönəlmiş Ermənistanın növbəti uğursuz təxribat cəhdi idi: “Bu diversiyanın da qarşısı əvvəlkilər kimi qətiyyətlə alındı və düşmənin bir çox strateji mövqeləri darmadağın olundu. Bu döyüşlər həm də Azərbaycan Ordusu üçün bir sınaq oldu. Bütün şəxsi heyətin yüksək döyüş hazırlığına malik olduğu növbəti dəfə təsdiqləndi. Ordumuz bu döyüşdə də birmənalı olaraq əks-hücuma keçərək düşmənə daha böyük zərbələr endirə bilərdi. Lakin bu cinahda qarşımızdakı hədəf məhz Ermənistan ərazisi olduğu üçün Ali Baş Komandan “Biz ədalət savaşı aparırıq, heç kəsin torpağında gözümüz yoxdur” deyərək atəşi dayandırmaq əmrini verdi”.

Tovuz döyüşlərini səciyyələndirən vacib nəticələrdən biri də Azərbaycan xalqının Ali Baş Komandanın və Azərbaycan Ordusunun ətrafında daha sıx birləşməsi, Vətən uğrunda səfərbər olmaq arzusu idi: “İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc Bakıda yürüş edərək Prezidentə və ordumuza həmrəylik nümayiş etdirdi. Növbəti günlərdə 50 mindən artıq gənc, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranlar könüllü olaraq orduda xidmət etmək arzularını bildirərək, qeydiyyata alınmaq üçün müraciət etdilər. Artıq Xalq, Ali Baş Komandan və Azərbaycan Silahlı Qüvvələri torpaqların azad edilməsi üçün həlledici döyüşə və Böyük Zəfərə tam hazır idi”.

Şərhlər