Seçki kampaniyasına Xankəndidə başlayan madam Pekres kimdir?

23.12.2021 16:14     Siyasi reaksiya     206

Fransa prezidentliyinə iddiaçı Valeri Pekres dekabrın 22-də Azərbaycanın Yuxarı Qarabağ bölgəsinə səfər edərək işğalçı rejimin rəsmiləri ilə bir araya gəlib.

Novator.az bildirir ki, 1967-ci il təvəllüdlü Valeri Pekres Ali Kommersiya Tədqiqatları Məktəbinin (Paris) və Milli Administrasiya Məktəbinin (Strasburq) məzunudur. Dövlət Şurasının auditoru, Fransa prezidentinin (Jak Şirak dönəmi) müşaviri olub.

Respublikaçılar Partiyasının üzvüdür. 2002, 2007, 2012-ci illərdə Fransa parlamentinin aşağı palatasının deputatı seçilib.

Valeri Pekres Fransa hökumətində ali təhsil və elmi tədqiqatlar naziri (2007-2011), büdcə naziri (2011-2012) postlarını tutub.

2015-ci ildən İl-de-Frans bölgəsinin başçısı olan Valeri Pekres Fransada 2022-ci ilin may ayında keçiriləcək prezident seçkisində Respublikaçılar Partiyasının namizədidir.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, bunun ardınca müharibə alovlanıb.

1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ və ətraf bölgələr ermənilərin əlinə keçib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərləri, bir çox qəsəbə və kənd işğal zonasında qalıb.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Şərhlər