Azərbaycan Ordusu Türkiyə SQ-nin möhtəşəm sistemini tətbiq edir - detallar

28.12.2021 11:14     Siyasi reaksiya     540

Hərbi ekspert Ruslan İmamquliyev: “Komando briqadalarının əsas təyinatı da odur ki...”

Azərbaycan Prezidenti dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında iştirak edib. Prezident açılış mərasimində çıxışında bildirib ki, Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır. Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir.

Musavat.com xəbər verir ki, eyni zamanda bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq: “Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, - bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, güclü yerlərimiz haradadır və qüsurlarımız haradadır. Müharibə dövründə qüsurlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bax, Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar”.

Prezident İlham Əliyev qeyd edib ki, yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq: “Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”.

Hərbi ekspertlər də komando briqadalarının yaradılmasının, Hadrutda hərbi hissənin açılmasının çox ciddi və vacib addım olduğunu bildirirlər. Qeyd edilir ki, komando briqadalarının yaradılması Azərbaycan Ordusunun Türkiyə Ordusu modelinə keçməsi prosesinin tərkib hissəsidir.

Hərbi ekspert Ruslan İmamquliyev “Yeni Müsavat”a şərhində bildirdi ki, Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti ordumuzun Türkiyə ordusu modelində daha da təkmilləşdiriləcəyini bəyan eləmişdi. Bütün vədlərini yerinə yetirdiyi kimi, Ali Baş Komandan bu vədini də uğurla yerinə yetirməkdədir. Komando briqadalarının yaradılması da bununla əlaqədar görülən işlərdən biridir və çox da önəmlidir: “Prezidentin də dediyi kimi, müharibə zamanı müəyyən nöqsanlar da üzə çıxmışdı. Nöqsanlardan biri bu idi ki, əməliyyatların icra olunmasında biz daha çox Xüsusi Təyinatlı Qüvvələrin cəlb olunmasına zərurət yarandığının şahidi olduq. Çünki hərbi hissələrin bir az daha mürəkkəb şəraitdə döyüşmək qabiliyyətinin az olması buna gətirib çıxarırdı. Təbii ki, bu gün mövcud vəziyyətdə Xüsusi Təyinatlı Qüvvələr hazırda birbaşa Müdafiə Nazirliyinə tabe qüvvədir. Digər qurumların da tərkibində xüsusi təyinatlı qüvvələr var və bunlar əslində Ali Baş Komandanın ehtiyatı sayılır. Onların təyinatı da daha dərinliklərdə xüsusi tapşırıqların icra olunmasıdır. Bununla yanaşı, bu gün ordumuzda daha bir yenilik də var. Bu da Quru Qoşunları Komandanlığının yaradılmasıdır. Quru Qoşunları Komandanlığına bağlı olan birliklərin tərkibində də komando briqadalarının yaradılmasına zərurət var. Çünki istənilən tapşırığın icra olunmasında həmin o bəhs olunan birliklər müstəqil surətdə öz vəzifələrini icra etməlidirlər. Bir çox hallarda xüsusi təyinatlılardan dəstək almadan öz cavabdehlik sahəsində dərinlikdə, çətin relyefdə tapşırıqları icra etmək imkan və qabiliyyətinə malik olmalıdırlar. Bu komando briqadalarının əsas təyinatı da odur ki, dağlıq ərazilərdə, çətin keçilən ərazilərdə, xüsusən də texnikanın hərəkət etmə məhdudiyyəti olan yerlərdə əməliyyatları icra edə bilsinlər”.

Ekspert vurğuladı ki, bu bölmələr əsasən dağlıq ərazidə tapşırıqlar icra edə bilməklə yanaşı, xüsusi vasitələrdən istifadə edərək çətin keçilə bilən ərazilərdə dərinliklərdə əməliyyatlar icra edəbilmə qabiliyyətlidirlər. Bununla yanaşı, fərdi silahlarından mükəmməl olaraq istifadə etmə bacarıqlarının olması bu cür briqadaların düşməni istənilən şəraitdə məhv etmə imkanının olması deməkdir: “Komando hərbi hissələrinin yaradılmasının əsas önəmli məqamlarından biri də odur ki, orada xidmət keçən hərbçilərə mütəmadi olaraq xüsusi təlimlər veriləcək. Bu cür təlim-tədris verməkdə Türkiyə Silahlı Qüvvələrinin praktik vərdişləri, təcrübələri daha dərindir. Azərbaycan Türkiyənin bu imkanlarından faydalanaraq komando briqadalarında xidmət edən zabit və gizirlərimizin, əsgərlərimizin kurslardan keçməsinə şərait yaratmış olur. Azərbaycanda artıq ordu korpuslarının tərkibində bu cür hərbi hissələrin olması eyni zamanda Xüsusi Təyinatlı Qüvvələrimizə yeni hərbi qulluqçuların cəlb olunmasında baza təşkil etmiş olacaq”.

Şərhlər