Araiklə Nikolun qurduqları Qarabağ oyunu

29.12.2021 11:29     Siyasi reaksiya     527

Bəzi şərhçilərin fikrincə, Arutyunyan Paşinyanın Qarabağdakı kreaturasıdır, Ermənistan hakimiyyəti tez-tez bu gedişə əl atır: biz razıyıq, amma Qarabağda razı deyillər; politoloqlardan maraqlı proqnozlar....

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın son statusunun dəqiqləşdirilməsinin Azərbaycan Konstitusiyası əsasında baş verməli olduğunu bildirməsindən sonra Xankəndi separatçıları ilə İrəvan arasında qarşıdurmanın daha da kəskinləşməsi müşahidə edilir. “Yeni Müsavat” xəbər verir ki, qondarma rejimin dəstəbaşı Araik Arutyunyan Ermənistan hakimiyyəti ilə razılaşmır.

Onun bəyanatından çıxan nəticə odur ki, hətta İrəvanın onlar üçün məqbul olmayan mövqelərini, qərarlarını tanımayacaqlar. Bu, faktiki “ana” Ermənistana qarşı bir üsyan bayrağını qaldırmaqdır. Arutyunyanın erməni silahlılarının qalacağını, “müstəqillik davasını” davam etdirəcəklərini deməsi, əslində İrəvana mesajdır, onlara meydan oxumaqdır. Yəni siz hər cür dəstəyinizi dayandırsanız, biz “mübarizəyə davam edəcəyik”.

Ona görə “artsaxın ərazi bütövlüyü ən azı 1991-ci ildə elan edildiyi ərazilərdə bərpa edilməlidir”,  “ermənilərin qovulmasına hazırlaşırlar”  kimi qızışdırıcı məqamlar da ermənilərin növbəti yalanı və qanunsuz dəstələrin Qarabağda saxlanılmasına bəhanə tapmaq cəhdləridir.  “Xalqımızın həyati hüquqları, maraqları, tələbləri müzakirə mövzusu deyil”, “Artsax minilliklər boyu erməni olub və erməni olaraq qalacaq”,  “heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcəyik” kimi ifadələr isə daha çox Paşinyanın düşmənlərinin - revanşist qüvvələrin mövqelərinə yaxındır. Belə çıxır ki, Araik Nikola təkcə etiraz, üsyan etmək, onun az qala legitimliyini tanımamaqla kifayətlənmir, ortaya mövqe qoyur. Bu isə Araikin nəzarətdən çıxdığını, indi isə revanşist qüvvələrin alətinə çevrildiyini göstərir.

Ekspertlər qeyd edirlər ki, məhz bu vəziyyətdə Azərbaycan Arutyunyan və onun komandasına qarşı antiterror əməliyyatlarına start versə, rəsmi İrəvan müdaxilə edə bilməyəcək, uzağı bir-iki əhəmiyyətsiz bəyanatla yekunlaşacaq. Amma baş verənlərlə bağlı fərqli mövqe də var. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov “Turan”a baş verənlərin Paşinyanın oyunu ola biləcəyini deyib: “Paşinyan-Arutyunyan münasibətləri öz yaxınlığı ilə seçilir və Arutyunyan Paşinyanın Qarabağdakı kreaturasıdır. Ermənistan hakimiyyəti tez-tez bu gedişə əl atıb: biz razıyıq, amma orada, Qarabağda razı deyillər. Və Arutyunyanın indiki bəyanatı primitiv gedişdir. Brüsseldən sonra Paşinyan Arutyunyanla görüşüb və yəqin ki, əsas mesajları verib. Beləliklə, Paşinyan danışıqlar mövqeyini möhkəmləndirməyə çalışır”.

Araikin silahlı erməni dəstələrini Qarabağda saxlamaqla bağlı dedikləri faktiki 10 noyabr üçtərəfli sazişinə qarşı çıxmaq deməkdir ki, bu da sərt tədbirlər üçün əsas ola bilər. Bəs Rusiya bu əməliyyatlara necə baxar? İrəvanla Xankəndi erməniləri arasında konflikt dərinləşərsə, Araikin həbs edilməsi də gündəmə gələ bilər. Paşinyanın onu zərərsizləşdirməyə risk edə bilərmi, yoxsa Paşinyanla Araikin növbəti priyomudur?

Politoloq Murad Sadəddinov baş verənlərdə bir tələ görmür. Analitikin “Yeni Müsavat”a bildirdiyinə görə, sadəcə, Paşinyan 10 noyabr sənədində götürdüyü öhdəliklərin icrası zamanı olduğunu, limitin bitdiyini dilə gətirməyə başlayıb: “Ermənistan rəhbərliyi bilirdi ki, Azərbaycan ərazisində hansısa quruma müstəqillik və ya status verilməsindən söhbət gedə bilməz. Amma bunu erməni ictimaiyyətinə açıqlamırdı. İndi isə limit bitib, bu məlumatları deməyə başlayıb”.  M.Sadəddinov hesab edir ki, Qarabağda olan separatçılar da bu həqiqəti gözəl bilirlər: “Amma həmin bəyanatları deməklə silahlı qalıqları saxlamağa çalışırlar ki, yanlarından getməsinlər. Artıq Nikol da, Araik də başa düşür ki, bu məsələlərin perspektivi qalmayıb. Brüssel görüşlərində də erməni icması, yaxud status haqda hər hansı fikirlər yox idi. Yəni Qərbdə Ermənistanı himayə edən qüvvələr də reallığı qəbul etməkdədirlər”.

Politoloqun sözlərinə görə, hətta nəzəri olaraq düşünsək ki, Azərbaycanı təzyiqlərlə hansısa status verməyə razı salacaqlar, bunun üçün ilk növbədə ölkədə referendum keçirilməlidir: “Bu da texniki baxımdan mümkün deyil. Üstəlik, referendum olsa belə, azərbaycanlıların səsvermədə hansı mövqeni tutacağı aydın məsələdir. Digər tərəfdən, Qarabağda yaşayan ermənilərə mədəni muxtariyyət verilməsi də qadağandır, çünki Azərbaycanda yaşayan digər millətlərdən üstün deyillər. O baxımdan Paşinyan kartları açmağa başlayıb və verdiyi razılıqların icrası ilə bağlı erməni cəmiyyətini məlumatlandırır”.

Ankaranın Universitetinin professoru Toğrul İsmayılın fikrincə, siyasətdə hansısa fəndlər mümkündür: “Amma gəlin, Paşinyanın çıxışının ümumi mexanizmini yoxlayaq. O, bütün açıqlamalarında problemin beynəlxalq hüquq çərçivəsində həllini istəyir. Və zənnimcə, söylədikləri məntiqli və doğrudur. Bugünkü beynəlxalq hüquq xalqlara öz müqəddəratını təyinetmə imkanlarını məhdudlaşdırır. Çünki Avropa Birliyinin içində də müəyyən qopma hərəkətləri var. Bu mənada hər bir xalqın öz müqəddəratını həll etməsi dövlətin unitarlığını pozmadan da gerçəkləşə bilər. Yəni bu gün ermənilər dünyanın hər yerində yaşayır. Türkiyədə Qarabağda yaşayan ermənidən daha çox erməni var. Rusiya, Fransa, hətta İranda erməni sayı Qarabağda olan ermənilərdən çoxdur. O zaman ermənilər hər yerdə bunu gündəmə gətirib ayrılmaq istəyə bilərlər. Ona görə İrəvan gördü ki, beynəlxalq hüquq çərçivəsində Azərbaycan ərazilərini Ermənistana birləşdirmək mümkün deyil”.

T.İsmayılın sözlərinə görə, əgər işğal dövründə torpaqlarımızı birləşdirə bilməyiblərsə, bundan sonra heç alınmayacaq: “Paşinyan Ermənistanı xilas etmək istəyirsə, bu addımları atmalıdır ki, normal həyatını yaşasın. Çünki işğal dövründə erməni əhalisi artmadı, azaldı, köç çoxaldı, sosial rifah yüksəlmədi, Ermənistan özü işğal dövründə belə ”Dağlıq Qarabağ"ı tanıya bilmədi. İndi rus yox, lap dünya sülhməramlıları gəlsin, hə, deyək ki, bu gün onlar qaydanı poza bilər, amma Azərbaycan əhalisinin Qarabağa tam yerləşməsini təsəvvür edin, ondan sonra hansı mənzərə yaranacaq? Paşinyan  bunu anlayır və inanıram ki, o, ölkəsini fəlakətdən qurtarmaq üçün hər şeyə imza atacaq".

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, erməni baş nazir bununla bəyan edir ki, birincisi, “statusun” olmayacağı ilə razılaşmağa məcburdurlar və buna görə o, yox, keçmiş hakimiyyət məsuliyyət daşıyır: “İkincisi, erməni cəmiyyətinə Minsk Qrupu formatında ”status"un gündəmdə qalmasına çalışacağını vəd etsə də, ciddi nəticə gözləməməyin də mesajını verir. Paşinyan çıxışı ilə bağlı yaranan etiraza münasibət bildirərkən, müəyyən korrektələr etsə də, yenə ümumi mövqeyini saxladı və hər şeyə görə günahkarın keçmiş hakimiyyət olduğunu bəyan etdi. Proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir. Paşinyan da bildirir ki, “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”. Siyasi şərhçi hesab edir ki. bu, müharibədən sonra separatçılarla İrəvanın açıq müstəvidə ilk qarşıdurmasıdır: “Separatçı-terrorçu rejim Rusiya sülhməramlılarına bel bağlayır, amma bölgədəki erməni əhalisi üçün əsas dayaq nöqtəsi həmişə Ermənistan olub. İrəvanın ”qarant rolunun" sıradan çıxması ermənilərin seçimini - ya Azərbaycan idarəçiliyi altında yaşamağı, ya da köçməyi  sürətləndirə bilər".

Təhlilçi Tural Rzayevin fikrincə, Araik bu məsələdə Kremlə arxalanır: “Lakin Kremlin separatçılara görə, rəsmi Bakı ilə qarşı-qarşı gələcəyini düşünmürəm. İndiki halda Rusiyanın Azərbaycandan məmnun olduğunu demək olar. Hətta rəsmi İrəvanın əksinə, son proseslərdə Bakı özünün nə qədər yaxşı və etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Bu mənada Araikin güvəndiyi Rusiya onu uzun müddət Bakının qəzəbindən xilas edə bilməyəcək. Hazırda yeni situasiya yaranır və Azərbaycan artıq dolayısı ilə deyil, birbaşa Xankəndi problemini həll etmək üçün aktiv diplomatik siyasətə başlayıb. Bu fürsətdən istifadə etmək lazımdır. Hesab edirəm, Sankt-Peterburqda gözlənilən görüşdə sülh müqaviləsi də müzakirə olunacaq”.

Şərhlər