Türkiyə Yunanıstanın növbəti əsasız iddialarına etiraz bildirib

05.01.2022 14:18     Siyasi reaksiya     408

Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Türkiyə haqqında əsasız ittihamları rəsmi Ankaranın kəskin etirazına səbəb olub.

Azərtac-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirinin sözçüsü Tanju Bilgiç açıqlamasında diqqətə çatdırıb ki, nazir Dendias tərəfindən demək olar hər gün Türkiyəyə qarşı yer alan bəyanatlar sülh və sabitliyə xidmət etməyən, gerçəklikdən uzaq və populist iddialardır. Bu təxribatçı ritorika nə mehriban qonşuluq münasibətlərinə, nə də Yunanıstanla yenidən başlatdığımız məşvərət danışıqlarının ruhuna uyğun gəlmir.

Nazirliyin sözçüsü diqqətə çatdırır ki, Yunanıstan bir tərəfdən ölkəmizə qarşı reallıqdan qopmuş iddialar irəli sürərkən, digər tərəfdən həm Egey, həm də Aralıq dənizlərində beynəlxalq hüquqa zidd olan maksimalist iddialarını və gərginliyi artıran hərəkətlərini davam etdirir.

Biz Yunanıstanın ölkəmizin hüquq və mənafelərini müdafiə etmək istəyinin təhdid kimi müəyyən edilməsini və bu istiqamətdə qeyri-real təsəvvür yaratmaq cəhdlərini rədd edirik. Bölgədə təhlükə varsa, bu təhlükə Yunanıstanın gərginliyi artıran birtərəfli hərəkətlərindən irəli gəlir.

Biz bir daha Yunanıstanı təxribatçı ritorika və populist motivlərlə fəaliyyət göstərmək əvəzinə sağlam düşüncəyə qayıtmağa, beynəlxalq hüquqa və beynəlxalq müqavilələrə hörmət etməyə dəvət edirik.

Şərhlər

Çox oxunanlar