Tehranla münasibətlərin dərinləşməsi Bakıya nə vəd edir - politoloqun şərhi

27.01.2022 13:17     Siyasi reaksiya     325

Azərbaycan-İran münasibətlərində ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Son 3 gündə İranın yol və şəhərsalma naziri Rüstəm Qasıminin Azərbaycana, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun isə Tehrana rəsmi səfərləri baş tutub. Prezident İlham Əliyev həm də Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri olan Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən maraqlı və yeni məlumatlar səsləndirib. Prezident işğaldan azad edilmiş ərazilərdə bərpa işlərindən danışaraq “ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər” deyib. Eyni zamanda İlham Əliyev Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərə də toxunub və bildirib ki, həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir. O deyib ki, bu istiqamətdə Ermənistandan da müsbət xəbərlər alınır. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.

Qeyd edək ki, Rüstəm Qasıminin səfəri zamanı Azərbaycan-İran sərhədində - Astara çayı üzərində avtomobil körpüsünün təməli qoyulub. Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin iki komponenti var: “Onlardan biri dəmir yoludur. Dəmir yolu körpüsü bir neçə il öncə tikilib istifadəyə verildi. Hazırda həmin körpü üzərində dayanmışıq. Astarada daha bir körpü inşa edilir. Onun da inşası bu ilin sonuna kimi yekunlaşacaq. Digər komponent isə avtomobil yoludur. Bildiyiniz kimi, avtomobil yolu körpüsü ötən əsrin 50-ci illərində inşa edilmişdi, köhnə idi. Həm də bu körpüdə tıxac olurdu. Tıxac nəqliyyat axınının sürətinin aşağı düşməsinə səbəb olur və səmərəliliyə mənfi təsir göstərirdi. Ona görə də hər iki ölkənin hökuməti yeni körpünün tikilməsinə qərar verdi. Bu gün olduqca vacib gündür. İranlı həmkarımla birlikdə körpünün təməlini qoyduq, yeni körpü inşa ediləcək”.

Onun sözlərinə görə, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinə çox böyük tələbat var: “Azərbaycan-Rusiya sərhədində də sərhəd-keçid məntəqələrinin genişləndirilməsi üçün bir sıra işlər görülür. Hər iki sərhəddə bu problemlərin aradan qaldırılması Şimal-Cənub dəhlizi vasitəsilə yükdaşımalarının həcmini artıracaq”.

Baş nazirin müavini iranlı nazirlə baş tutmuş görüşlərinin səmərəliliyindən söz açıb: “İran-Azərbaycan münasibətləri yüksələn xətlə irəliləyir. İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdə idi. Çoxlu görüşlər keçirdik, müzakirələr apardıq. Bizim əlaqələrimizin ən əsas istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsidir. Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyət göstərir, Fars körfəzi - Qara dəniz marşrutu fəaliyyətə başlayır”.

Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi  keçirilib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ş.Mustafayev tikiləcək körpünün yaradacağı imkanları qeyd edib: “İki il ərzində pandemiya dövrünün sürməsi ölkələr arasında ticari əlaqələrə zərbə vurub. Amma İranla Azərbaycan arasında belə bir problem yaranmadı. Biz nə ticarəti, nə ixracatı bir gün də dayandırmadıq. Ticarət dövriyyəmiz əvvəlki ilə baxdıqda 30 faiz artıb. Yükdaşımalarında bu artım 62 faizdir. Buna baxmayaraq, tələbat var. Tələbat varsa, biz şərait yaratmalıyıq. Bu gün işlərdən birinə başladıq. Bir ilə bu tikinti başa çatar və daha yaxşı şərait yaranar. İnsanlarımız da daha yaxşı yaşayar, gəlirlərimiz də artar”.

İranlı nazir isə bildirib ki, Astaraçay üzərindən yeni tikiləcək avtomobil körpüsü Azərbaycanla İran arasında, habelə Rusiya və başqa ölkələrə yükdaşımaların artmasını hədəfləyir: “Uzunluğu 100 metr, eni 30 metr olacaq bu körpünün tikintisi Azərbaycan ilə İran arasında, habelə başqa yolüstü ölkələrlə tranzit daşımalarını daha yüksək səviyyəyə qaldıra bilər. Bu körpünü birgə səylərlə, hər iki tərəfin maliyyə vəsaitləri hesabına inşa etməyi nəzərdə tuturuq”. Onun sözlərinə görə, həm körpünün özünü, həm də ətrafındakı avtomobil yollarını bir il ərzində hazır vəziyyətə gətirmək nəzərdə tutulur.

Zakir Həsənovun İran səfəri İrəvanı xoflandırdı - Polkovnikdən AÇIQLAMA |  KONKRET

Tehranda Azərbaycanın müdafiə naziri Z.Həsənovla görüşən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini deyib: “İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın ərazilərini işğaldan etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq”.

O bildirib ki, İran Azərbaycanla hərbi sahədə əməkdaşlıqda maraqlıdır: “Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər”.

M.Baqeri qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz: “İran Azərbaycan Prezidentinin regionda ”3+3" formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir".

“Biz birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq”, - deyən general-leytenant M.Baqeri Azərbaycanın İran üçün dost və qardaş dövlət olduğunu bildirib.

İranın Şərqi Azərbaycan əyalətinin başçısı Abidin Xorrəm R.Qasıminin Azərbaycana səfərində mühüm razılaşmaların əldə olunduğunu açıqlayıb: “”Bakı-Təbriz-Bakı aviareysinin açılması, eləcə də Təbriz-Naxçıvan dəmir yolu xətti üzrə sərnişin qatarlarının fəaliyyəti İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Bakıya səfərinin nəticələrindəndir". O bildirib ki, İranın yol və şəhərsalma naziri R. Qasiminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çox səmərəli olub: “İranın özəl şirkətlərinin dəmir yolu tikintisində müştərək əməkdaşlıq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında iştirakı məsələləri, iki ölkə arasında işğaldan azad olmuş ərazilərdən yük məhsullarının mübadiləsinin həyata keçirilməsi, avtomobil yolu körpüsünün tikintisi, Cəbrayıl rayonunda sənaye şəhərciyinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının turbinlərinin işə salınması, Xudafərin sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması bu səfərdə əldə olunan nailiyyətlərdəndir”.

Göründüyü kimi, Azərbaycan-İran münasibətlərində ötən ilin payızında müşahidə olunan gərginlikdən əsər-əlamət belə qalmayıb. İran ölkəmizə qarşı qərəz ritorikasını kəskin dəyişib, özünün təşəbbüskarı olduğu Fars körfəzi-Qara dəniz  beynəlxalq nəqliyyat dəhlizi layihəsində Azərbaycana böyük rol ayırıb. Bu dəyişikliyin səbəbi nədir? İranın işğaldan azad edilmiş bölgələrdə layihələr icra etməsi münasibətləri nə qədər irəli apara bilər?

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı: “İranla anlaşma Azərbaycanın bölgədəki rolunu və müharibədən sonrakı reallıqları daha da möhkəmləndirəcək”

Nəhayət, İranla münasibətlərdəki ilıqlaşma Azərbaycanın regiondakı mövqeyinə necə təsir edəcək? Sualları cavablandıran siyasi şərhçi Asif Nərimanlı bildirir ki, İranın mövqeyinin dəyişməsini regional və qlobal proseslər fonunda dəyərləndirmək olar: “Regional səbəblər Tehranın bölgədə təklənə biləcəyini anlamasıdır. Bilirik ki, İran sərhədlərin dəyişməsinə qarşı olduğunu deməklə Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası prosesinə qarşı çıxırdı. O cümlədən Zəngəzur dəhlizini Cənubi Qafqaza girişi üçün ciddi əngəl hesab edirdi. Müharibədən sonra İranın bölgəyə çıxışı böyük ölçüdə Azərbaycandan asılı vəziyyətdədir, lakin rəsmi Bakı regiondakı yeni reallıqlar çərçivəsində qonşu İrana əməkdaşlıq, eləcə də iqtisadi dividentlər gətirəcək layihələrdə birgə iştirak təklif edirdi. Tehran əvvəlcə İrəvan üzərindən bölgədəki reallıqlara qarşı dirəniş göstərdi, lakin Moskva bu dirənişə qarşı çıxdığı üçün anladı ki, belə mövqe regional proseslərdən kənarda qalmasına gətirib çıxara bilər. Bununla yanaşı, rəsmi Bakının prinsipial mövqeyi də Tehranın yanaşmasına təsir etdi. Azərbaycan öz mövqeyindən geri çəkilməməklə yanaşı, İrana həm Zəngəzur dəhlizindən istifadə etməyi, eləcə də Türkmənistan qazının alınmasında Tehranın tranzit olmasını və Fars körfəzi-Qara dəniz marşrutunda isə Bakının tranzit olmasını təklif etdi. Artıq həm enerji, həm də nəqliyyat üzrə razılaşmalar əldə olunub və ilk praktiki addımlar atılıb. Zəngəzur dəhlizi üzərində də iş gedir. Görünür, İranda anladılar ki, bölgədəki maraqlarını Ermənistan üzərindən qoruya bilməyəcəklər və yeganə yol Azərbaycanla əməkdaşlıqdır”.

A.Nərimanlıya görə, burada qlobal səbəblərin də rolu oldu: “Xüsusilə nüvə danışıqlarında ABŞ-İran xəttində anlaşmanın olmaması Tehranın Azərbaycana, ümumilikdə bu regiona yanaşmasına təsir etdi. Nüvə məsələsində anlaşma olsaydı, İranın daha sərt siyasi xətt tutacağı istisna deyildi. Belə demək mümkünsə, rəsmi Bakı qlobal prosesləri doğru oxuya bildi və İranın mövcud vəziyyətindən istifadə edərək, bölgədəki reallıqları bu ölkəyə qəbul etdirdi. Təbii ki, əvəzində birgə layihələr, regional proseslərdə əməkdaşlıq var. Azərbaycanın ”qazan-qazan" prinsipi üzərindən həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İranla anlaşma Azərbaycanın bölgədəki rolunu və müharibədən sonrakı reallıqları daha da möhkəmləndirəcək. Bunun fonunda Bakının İrəvan üzərində siyasi diktəsi də güclənəcək. Çünki Ermənistanın üz tutduğu iki ölkə var. Biri Rusiyadır. Moskva özü əsas vasitəçi rolunu oynayır. Digəri İrandır. Bu ölkə də Azərbaycanla razılaşır. Bu mənzərə Ermənistanı Azərbaycanın qarşısında daha da zəif vəziyyətə salır".

Şərhlər