Rəsmi Bakıdan Paşinyanın açıqlamasına REAKSİYA

10.02.2022 12:07     Siyasi reaksiya     340

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı son bir il ərzində hələ birinci müharibədən itkin düşmüş 108 nəfərin qalıqlarının Azərbaycan tərəfinə verilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Bu barədə Reaksiya.az-a XİN-dən məlumat verilib.

Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub:

"Maraqlıdır ki, hələ birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş 4000-ə yaxın Azərbaycanlı barədə hər hansı məlumatı təqdim etmək üçün Ermənistanın 30 il gözləməyinin səbəbi nə olub?

Bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olumuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır.

Xatırlatmaq istərdik ki, Azərbaycan 44 günlük müharibədən dərhal sonra heç bir qarşılıq gözləmədən və hələ birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş minlərlə azərbaycanlı haqqında Ermənistan tərəfindən hər hansı məlumat verilmədiyi bir halda, 1700-dən çox erməni hərbçisinin cəsədini humanizm prinsiplərindən çıxış edərək qarşı tərəfə təhvil verib.

Qeyd etmək istərdik ki, Azərbaycan tərəfi itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayır və hələ də taleyi barədə hər hansı məlumat olmayan 3700 dən çox azərbaycanlı barədə, o cümlədən kütləvi məzarlıqların yerinin müəyyən olunması üçün bu məsələdə bilavasitə məsuliyyət daşıyan Ermənistan tərəfinin növbəti 30 il susqunluğuna icazə verməyəcək".

Reaksiya.az

Şərhlər