“Ermənistandan aldığımız mina xəritəsinin dəqiqliyi 25 faizdir”

01.04.2022 12:08     Siyasi reaksiya     52

“Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın işğaldan azad olunan əraziləri minalara, partlamamış hərbi sursatlara və müharibənin partlayıcı qalıqlarına (MHQ) görə dünyanın ən çirkli bölgələrindən biridir”. 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Minalar, müharibə zamanı partlamamış qalıqlar münaqişələr bitdikdən 10 illər sonra sülhə və əmin-amanlığa böyük əngəllər törədir. Münaqişədən sonra da minaların təmizlənməsi ən önəmli proses olaraq qalır. Minalar və partlamamış sursatlarla çirklənmə baxımından Azərbaycan təəssüf ki, dünyada yüksək yerləri tutur”, - Hikmət Hacıyev qeyd edib.

Onun sözlərinə hazırda işğaldan azad olunan ərazilərdə minalar qalmaqdadır və onların təmizlənməsi prosesi davam etdirilir: “İlk olaraq məqsəd həyat itkisinin qarşısını almaqdır. Azərbaycan yalnız humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olur. Əsas məqsədimiz bu bölgələrə əhalinin qaytarılmasını təmin etməkdir. Müharibədən sonra 200-dək vətəndaşımız minanın qurbanı olub. Biz Ermənistandan minalanmış ərazilərin xəritəsini almışıq. Lakin onların dəqiqliyi 25 faizdir. Əlbəttə ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinin sürəti minalardan təmizləməsi prosesinin gedişindən asılıdır. Azərbaycan hökuməti bu istiqamətdə öz səylərini əsirgəmir. Hökumətimiz inteqrasiyanın yaxşılaşdırılması üçün əlindən gələni edir. 

Kənd təsərrüfatı, şəhərlərin inkişafı, ətraf mühitin qorunması, səhiyyə və təhsil sahələrində, minalardan təmizlənməsi sahəsində inteqrasiya olduqca vacibdir. Çünki sülhə və inkişafa töhfə verən əsas məsələ minaların təmizlənməsi prosesidir”. 

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanda minalardan təmizlənmə ilə bağlı əməkdaşlıq təcrübəsi mübadiləsi nəzərdə tutulur: "Azərbaycan unikal bir model təqdim edir. Məqsədimiz minalardan təmizlənmiş Azərbaycanı təqdim etməkdir. Hökumətimiz əməkdaşlığın bütün faydalı formalarına açıqdır. Bu sahədə Qlobal Transfondun yaradılmasını təklif edirik. Bu təklifin irəli sürülməsi iş birliyi üçün çox gözəl imkandır. Burada kollektiv fəaliyyət tələb olunur ki, minalardan təmizlənmə ilə bağlı pozitiv nəticələr əldə edək. Bu, həm də müştərək görüşümüzü konkret tələblərə çevirmək üçün vacibdir.

Reaksiya.az 

Şərhlər