Borrell: "Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyəcək"

04.04.2022 13:07     Siyasi reaksiya     60

Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyəcək.

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bəyanatında bildirib."Avropa İttifaqı Rusiya silahlı qüvvələrinin işğaldan azad edilmiş Ukraynanın bir sıra şəhərlərində daha əvvəl törətdiyi vəhşəti ən sərt şəkildə pisləyir. Çox sayda mülki əhalinin ölümü, həmçinin mülki infrastrukturun dağıdılması ilə bağlı dəhşətli görüntüləri Rusiyanın Ukraynaya və onun xalqına qarşı apardığı amansız işğalçılıq müharibəsinin əsl simasını göstərir. Buça şəhərində və Ukraynanın digər şəhərlərində törədilən qətliamlar Avropa torpaqlarında törədilən vəhşiliklər siyahısına salınacaq", Cozep Borrell bəyanatında bildirib.

Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, baş verənlərə görə Rusiya hakimiyyət orqanları məsuliyyət daşıyır.

"Müharibə cinayətlərinin və digər ciddi pozuntuların təqsirkarları, habelə məsul dövlət rəsmiləri və hərbi rəhbərlər məsuliyyətə cəlb olunacaqlar. Avropa İttifaqı Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynada insan hüquqlarının pozulmasına və beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyəti təmin etmək üçün bütün tədbirləri dəstəkləyir".

Bəyanatda qeyd olunub ki, Aİ Ukraynada baş verənlərlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin başlatdığı təhqiqatı dəstəkləyir.

"Aİ Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcək və təcili olaraq Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işə başlayacaq.
Prezident Putin bu müharibəni dərhal və qeyd-şərtsiz dayandırmalıdır", Cozep Borrell bəyanatında qeyd edib.(apa)

Reaksiya.az

Şərhlər