Fransa səfiri: “Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına real ehtimal var”

25.04.2022 13:38     Siyasi reaksiya     52

“Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına real ehtimal var”.

APA xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Bütün xoşməramlı insanlar Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməlidir” adlı məqaləsində qeyd edib.

“Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına real ehtimalı var. Bu, hər iki ölkənin liderləri tərəfindən müzakirə edilib, rəsmi təmaslar baş tutub. Vətəndaş cəmiyyətinin nümayəndələri də bir sıra görüşlər keçirib. Bu proses bizə nikbin olmağa imkan verir. Lakin bu o demək deyil ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yaxındır. Buna nail olmaq çətin olacaq, maneələr olacaq. Rəsmi Bakı kommunikasiyaların bərpa olunması, sərhədlərin delimitasiyası, ərazi bütövlüyü və suverenlik prinsiplərinin tanınması kimi konkret məsələlərdə irəliləyiş görmək istəyir”, - diplomat qeyd edib.

Səfir prosesə xələl gətirə biləcək insidentlərin də ola biləcəyini diqqətə çatdırıb: “Anlaşılmazlıqlar inamsızlığı artıra və əldə olunmuş nailiyyətləri təhlükə altında qoya bilər. Buna görə də Azərbaycan və Ermənistandakı bütün xoşməramlı insanların sülh prosesini dəstəkləməsi vacibdir. Burada vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər. Ziyalılar, mütəfəkkirlər, rəssamlar, müəlliflər, aktyorlar, iş adamları, sadə vətəndaşlar, qadınlar sülh naminə çıxış edərək prosesi gücləndirə bilərlər.

Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar göstərdiyi cəsarətli səyləri tam dəstəkləyir və sülhün bərqərar olması prosesini müşayiət etməyə hazırdır”.

Reaksiya.az

Şərhlər