“Azərbaycanın beynəlxalq sahədə uğurları getdikcə artır” - Kamaləddin Qafarov

19.07.2022 16:49     Siyasi reaksiya     179

“Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də keçirilmiş, cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycanın postmüharibə dövründə əldə etdiyi nailiyyətlərə dair ətraflı açıqlamalar verilib. Dövlət başçısı öz çıxışında xüsusi olaraq qeyd etmişdir ki, bu dövrdə ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi ilk növbədə qeyd olunmalıdır. Azərbaycanın bu mötəbər təşkilata sədrliyinin 2023-cü ilin sonuna qədər yekdil qərarla uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmış,  Azərbaycana, şəxsən Prezident İlham Əliyevə olan inam daha da yüksəlmişdir.” 

Reaksiya.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov səsləndirib. 

Millət vəkili Azərbaycanın digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlığa davam etdiyini vurğulayaraq deyib: “Diqqətəlayiq haldır ki, Azərbaycan beynəlxalq müstəvidə bir çox təşkilatlarla səmərəli əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə fəal tərəfdaşlıq münasibətləri də sürətli inkişafdadır. Öz çıxışında dövlət başçımız bir anonsu da  diqqətə çatdırdı ki, yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı daha bir önəmli sənəd imzalanacaq və bu, Avropa İttifaqı – Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə qaldıracaqdır.”

K.Qafarov Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyin ümumilikdə regional inkişafı ləngitdiyini qeyd edib. Deputat bildirib ki, Ermənistan hökumətinin 10 noyabr Bəyannaməsinə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməsi ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması üçün vacib şərtdir: “Aydındır ki, bu gün Cənubi Qafqazda gedən proseslərin əsas istiqamətinə təsir edə biləcək vacib amillərdən biri də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsidir. İki ölkə arasında münasibətlərin hansı səviyyədə olması ümumi regionda yaranacaq ictimai-siyasi vəziyyət və inkişaf göstəricilərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın mövqeyi tamamilə birmənalıdır və hər kəsə açıqdır. Azərbaycan sülh və inkişaf tərəfdarıdır. Təəssüflər olsun ki, bu sözləri Ermənistan haqqında hələ də demək olmur. Əlbəttə, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində indiyədək müəyyən addımlar atılıb. Lakin Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, hələlik real nəticələr yoxdur. Ermənistan hələ də imzaladığı 10 noyabr Üçtərəfli Bəyannamənin şərtlərinə görə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Məsələn, bu öhdəliklərdən biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlıdır. Lakin hərbi əməliyyatların başa çatmasında 1 il 8 ay keçsə də, bu məsələ hələ də öz həllini tapmayıb. Bu problem Cənubi Qafqazda sülhə ciddi təhdiddir. Azərbaycan qalib ölkə olaraq belə bir vəziyyətə, öz suveren ərazilərində erməni silahlı birləşmələrinin mövcudluğuna uzun zaman dözə bilməz. Ermənistanın yerinə yetirməli olduğu vacib öhdəliklərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Maraqlıdır, qalib Azərbaycan öz üzərinə götürdüyü öhdəliyə əsasən Laçın yolunun işləməsini təmin edib və hətta bu marşrutun təhlükəsizliyinə də zəmanət verib, məğlub Ermənistan isə hələ də Zəngəzur dəhlizinin açılmasını əngəlləyir. Bu məsələ də tezliklə öz həllini tapmalıdır və bu nə qədər tez baş verərsə, Ermənistanın özü üçün də daha yaxşı olar. Azərbaycan artıq özünün haqqı olanı almaq iqtidarında olan bir ölkə olduğunu sübut edib və proqressiv prosesləri əngəlləmək, növbəti qarşıdurmalara aparan siyasət yürütmək meylləri Ermənistana baha başa gələ bilər”. 

Şərhlər