"Dedi ki, Eldar Mahmudova pay ayırmamısız"- polkovnikə 10 min verən direktor

30.11.2016 14:25     Sosreaksiya     1280

Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə keçirilən məhkəmə prosesində şahid və zərərçəkmiş şəxslər ifadə verib.

Musavat.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində davam edən prosesdə zərərçəkmiş qismində tanınmış “Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu iştirak edib.
 
O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, baş verənləri tam olaraq xagırlamadığını deyib. Zərərçəkmiş vəkillərin suallarını da cavablandırmayıb. Onun istintaqa ifadəsi elan olunub.
 
Zülfüqarov istintaqa ifadəsində deyir ki, şirkəti onun dayısı Alik Kərimov 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.
 
Zərərçəkən deyir ki, MTN-dən Çovdarovun idarəsinin işçisi (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi) polkovnik-leytenant Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırmağa başlayıb. Səbəb olaraq isə bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazım olduğunu deyib.
 
Onun sözlərinə görə, Akif Əliyev ona deyib ki, "uzun illərdir işləyirsiz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız".
 
Zərərçəkmiş ondan 50 min manat tələb edildiyini söyləyir.
 
Zülfüqarov isə bu pulu ancaq dayısının verə biləcəyini bildirib. Dayısı qərar gəlib ki, 10 min verilsin. Akif Əliyevlə növbəti görüşdə bu məbləğ ona çatdırılıb. 
 
Məhkəmədə qızıl-brilyant satışı ilə məşğul olan Şahmar Qurbanovun epizodu üzrə şahid İlahə Vəliyeva ifadə verib. O, Akif Çovdarovun 500 min dollar, 380 min dollarlıq brilyant aldığı iddia edilən Şahmar Qurbanova borc olaraq 75 min manat verdiyini deyib. Şahid Şahmar Qurbanovun ondan pulu MTN-ə vermək üçün aldığını söyləyib.
 
Məhkəmədə fasilə elan olunub.
 

Şərhlər