İsraildə yanğınların söndürülməsində iştirak edən azərbaycanlı yanğınsöndürənlər qayıdıb

30.11.2016 17:31     Sosreaksiya     1108

Noyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İsraildə yanğınların söndürülməsi əməliyyatlarında iştirak etmək üçün bu ölkəyə getmiş 9 nəfərlik yanğınsöndürən qrupu Azərbaycana qayıdıb.

Trend-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq hava limanında FHN-nin Aviasiya Dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, İsrail hökumətinin müraciəti və Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında 25 noyabrda FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd "BE-200ÇS" amfibiya tipli təyyarə və 9 nəfərlik uçuş-texniki heyətdən ibarət qrup İsraildə baş vermiş irimiqyaslı yanğınların söndürülməsində iştirak edib.

Onun sözlərinə görə, ilk olaraq heyət İsraildə yanğının miqyası ilə tanış olub: "26 noyabrdan başlayaraq yanğınların söndürülməsində iştirak etməyə başladıq. İştirakçı dövlətlərin sayı çox olduğu üçün yanğın sektorlara bölünmüşdü və hər dövlətin ayrı sektoru var idi. Biz Hayfa və Qüds şəhərlərinin ətrafındakı bölgələrə ayrılmışdıq. Biz ilk olaraq kəşfiyyat xarakterli uçuşlar apardıq. Həmin gün ərzində 8 yanğın bölgəsində 9 uçuş şərtilə və 80 tondan artıq su tökməklə həmin bölgədə yanğınların söndürülməsində fəal iştirak etdik. Biz İsraildə olan müddətdə 100 tondan çox su istifadə etməklə 8 ocaqda yanğınların söndürülməsində fəal iştirak etmişik. Noyabrın 26, 27 və 28-də yanğınsöndürmə əməliyyatlarında iştirak etdik".

O qeyd edib ki, İsrail prezidenti iştirakçı dövlətlərin nümayəndələrinə, o cümlədən Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, noyabrın 25-dən etibarən FHN-nin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib. 29 noyabrda İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib. İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.

Şərhlər