Azərbaycan diaspor rəhbəri məhkəmə qarşısına çıxacaq - məhkəmə sədri ermənidir

30.11.2016 18:29     Sosreaksiya     1384

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın dekabrın 6-da məhkəmə qarşısına çıxacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata İ.Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunub. 2014-cü ildə Almelo şəhərində qondarma "erməni soyqırımı" abidəsinin tikinitisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən İ.Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. O qeyd edib ki, ermənilər Qarabağ müharibəsində uşaq, qadın, qoca demədən minlərlə insanı ağılasığmaz işgəncələrlə qətlə yetirilib.

Erməni diasporu isə İ.Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi Niderland polisi araşdırma aparıb və guya İ.Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - "Qarabağ ermənilərin məzarı olacaq" ifadəsinə görə Niderland Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir.

 

İ.Aşkın bildirir ki, o, Niderlandda Azərbaycan həqiqətləri, Xocalı soyqırımı ilə bağlı fəaliyyətinə, xüsusilə də erməni saxtakarlığına qarşı apardığı mübarizəyə görə erməni diasporunun hədəfindədir. Barəsində yerli hüquq-mühafizə orqanlarına qərəzli və qeyri-obyektiv şikayət olunduğunu bildirən diaspor rəhbəri məhkəmə prosesinin ədalətli aparılacağına da şübhə ilə yanaşır. Çünki onun yaşadığı və məhkəmənin qurulacağı Almelo şəhərinin daxil olduğu Overreysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır. 2013-cü ildən vilayət məhkəməsinə rəhbərlik edən T.Avedisyan Rotterdam şəhərində, heç bir qarışığı olmayan erməni ailəsində anadan olub və hazırda orada yaşayır. Niderlandın Erasmus Universitetini bitirəndən sonra o, 1999-cu ildə Rotterdam məhkəməsində fəaliyyətə başlayıb. 2007-ci ildən Haarlem şəhərində cinayət məhkəməsinin sədri olub.

 

Qeyd edək ki, hazırda ermənilərin təzyiqi və təxribatları ilə üz-üzə qalan İ.Aşkın 25 ildən çoxdur Niderlandda, bütün Avropada Azərbaycanın haqq işi uğrunda mübarizə aparır, Azərbaycan, Qarabağ həqiqətlərini təbliğ edir, erməni saxtakarlıqlarına qarşı fədakarlıqla mücadilə edir. Onun rəhbərliyi ilə Azərbaycan-Türk Kültür Dərnəyi 2007-ci ildə Xocalı şəhidləri üçün Niderlandda abidə ucaldıb, Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil edib.

 

Şərhlər