Dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan təxribatları davam etdirir - FOTOLAR

13.01.2017 16:52     Sosreaksiya     1198

Reaksiya. az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, son vaxtlar müxtəlif vasitələrlə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistan bu dəfə daha bir təxribata əl atıb.
Ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb.
Bu cür mənşəyi və mənsubiyyəti məlum olmayan qeyri-ənənəvi üsulla hazırlanan partlayıcı vasitələrin düşmən tərəfindən tətbiqi müdafiənin ön xəttində yerləşən bölmələrimizin şəxsi heyətinə, həmsərhəd ərazilərdəki yaşayış məntəqələrinin dinc əhalisinə, xüsusilə də uşaqlara xəsarət yetirmək məqsədini güdür.
Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyən edilib.
Beynəlxalq normativ hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür vasitələrin Ermənistan tərəfindən, xüsusilə Azərbaycan-Ermənistan dövlət sərhədində məqsədyönlü şəkildə tətbiqi vəziyyəti gərginləşdirmək, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək və bununla da təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə cidd-cəhdlə münaqişəyə cəlb etmək məqsədini güdür.
Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək hər hansı insidentə və onun nəticələrinə görə məsuliyyət tamamilə Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Reaksiya. az

Şərhlər