Qəddafinin əmisi oğlu: “Qərbin planı hələ tamamlanmayıb”

20.02.2017 16:04     Sosreaksiya     1386

“NATO ölkələri yerli qruplaşmaların dəstəyilə Liviyada silahlı konflikti idarə edir, çünki Şimali Atlantika İttifaqı qarşıdurmanın tamamlanmasında maraqlı deyil”.

Publika.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin köməkçisi və əmisi oğlu Əhməd Qəddafi ad-Dam deyib.

“Liviyanın bugünkü hərbi xəritəsinə baxsaq, aydın olur ki, 2011-ci ildə Liviyaya vahid cəbhə ilə gələn NATO bloku indi şərq, qərb və cənubda bir-biri ilə mübarizə aparan tərəfləri dəstəkləməyə başlayıb. NATO blokunun özü bölünməyib, yalnız münaqişəni idarə edir və onun bitməsini arzulamır. Bu onu göstərir ki, Qərb Qəddafinin öldürülməsi və Liviyanın dağıdıllması üzrə planlarını sonuna kimi yerinə yetirməyib. Qərbin Liviyanı məhv etmək planı tamamlanmayıb. Qərb qruplaşmaları yedirtməyə davam edir ki, münaqişə başa çatmasın”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.

Onun sözlərinə görə, ərəb ölkələrində hadisələrin inkişafı üzrə Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin proqnozları tamamilə gerçəkləşir:

“Qəddafi tarixçi və inqilabçı idi. O, öz həyat təcrübəsi ilə Yaxın Şərq regionunu gözləyən təhlükələr haqqında informasiyaya malik idi. Qəddafi hələ 1980-ci illərdə bu haqda xəbərdarlıq edirdi. Və indi, təəssüf ki, onun qabaqcadan xəbər verdikləri eynilə reallaşır. Problem Qəddafi və ya Səddam Hüseynin hakimiyyətindən gedişi idisə, bütün bu mənasız dağıntılar və qətllər indiyə kimi niyə davam edir?”

Əhməd Qəddafi ad-Dam müharibədən əvvəl ölkənin daxildə və xaricdə 600 milyard ABŞ dollarının olduğunu xatırladıb:

“Biz nağd valyuta ehtiyatına görə dünyada səkkizinci yeri tuturduq. Müharibənin 6 ili ərzində ölkədə bir kərpic belə qoyulmayıb, su təminatı kəsilib, maaşlar ödənilmir”.

Reaksiya.az

Şərhlər