Cocuq Mərcanlıya gedən yolun yenidən qurulmasına start verildi

21.02.2017 13:51     Sosreaksiya     1124

Azərbaycan Prezidentinin sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Bildirilir ki, hazırda sözügedən yolda qazma-dolma işləri, yol yatağının və yol əsasının inşası işləri həyata keçirilir. Ümumi uzunluğu 9 km olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edəcək. Sözügedən yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır.

5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılacaq, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılacaq. Qalan 4 km-lik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılacaq. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Ümumilikdə, yolun təqribən 68 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa yol boyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri aparılıcaq. Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni 1.5 metr təşkil edəcək.

Yolun tikinti işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq. Tikinti işlərini “Azəravtoyol” ASC texnoloji ardıcılığa riayət etməklə və yüksək keyifyyətlə həyata keçirir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qeyd edək ki, yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla, 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişi xeyli rahatlaşdıracaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon (dörd milyon üç yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Reaksiya.az

 

Şərhlər