Akif Nağı ölkə rəhbərliyinə müraciət etdi

14.03.2017 13:10     Sosreaksiya     1262

Reaksiya.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı azərbaycanlıların qanını içən ermənilərin “sülh platforması” adı altında Azərbaycana gətirilməsi, ermənilərə güllə atan “OMON”-çuların hələ də həbsdə saxlanılması və digər məsələlərlə bağlı prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət göndərib.

Müraciətdə göstərilir: Bu gün baş verən iki paradoksal hadisə ilə bağlı Sizə müraciət edirik. Bakının ən dəbdəbəli salonlarından birində azərbaycanlılarla ermənilər növbəti dəfə qardaş, dost olduqlarını elan etdilər, dünən də Bakının “Şəki” restoranında ermənilərin şərəfinə verilən ziyafətdə bir-birinin sağlığına içmiş, badələri bir-birinə vurmuş, qol-boyun olub oynamışdılar. Bunlar “Azərbaycan-Ermənistan Sülh Platforması” deyilən prosesin iştirakçılarıdır. Bakının digər tərəfində, Ali Məhkəmənin salonunda ömürlük həbsdə yatan “OMON”-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun şikayətlərinə baxılırdı. Onlar artıq 22 ildir ki, həbsdədirlər, can üstədirlər, heç olmasa ölümlərini öz evlərində, yaxınlarının yanında qarşılamaq istəyirdilər, bunun üçün məhkəməyə müraciət etmişdilər. Məhkəmə onların müraciətlərini rədd etdi. Paradoksa baxın ki, salonların hər ikisində proses eyni vaxtda, saat 1000-da başladı. Yəqin ki, proseslərin ilaxır çərşənbə günü baş tutması da təsadüfi deyildi. Azərbaycan xalqınınn ənənəsinə, deyiminə görə, bu gün bütün küsülülər barışır. Barışıq baş tutdu, amma ermənilərlə barışdılar, özümüzünküləri bağışlaya bilmədilər. Martirosyanlar, avetyanlar, çaqinyanlar, onların özləri, yaxınları Birinci Qarabağ müharibəsində azərbaycanlıların qanını içiblər, onlarla barışıb dostluğa başladılar. Ermənilərə güllə atan, ermənilərlə müharibədə həyatını qoyan, ailəsini, yaxınlarını itirən, hər şeyindən məhrum olan, yarımcan Elçin Əmiraslanovları, Səfa Poladovları, Arif Kazımovları bağışlaya bilmədilər, yenidən həbsxanaya qaytardılar. Bunun adını nə qoyaq, milli nihilizm, milli qeyrətsizlikmi?Bizim məqsədimiz həbsdə olanları azadlığa buraxdırmaq deyil. Bu yolda həbs də var, ölüm də. Biz bunu bilir, könüllü olaraq bu yolu seçmişik.

Bu müraciətlə bizim məqsədimiz başqadır. Biz bir daha Sizin diqqətinizi faciəli antiazərbaycan prosesinə cəlb etmək istəyirik. Azərbaycanlılardan və ermənilərdən ibarət bir qrup beynəlxalq dərəcəli dələduz “sülh platforması” adı altında Azərbaycanın maraqlarına qətiyyən cavab verməyən prosesə start veriblər. Vaxtilə Əliheydər Qarayev, Həmid Sultanov, Çingiz İldırımın oynadığı rolu, indi Eynulla Fətullayev, Rizvan Hüseynov, Rauf Zeyni, Telman Qasımov kimi dələduzlar yerinə yetirirlər. Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərləri, cəmiyyətdəki bəzi “ağıllılar” bizi inandırmağa çalışırlar ki, guya bu proseslər Azərbaycanın xeyrinədir, ona görə də mane olmaq lazım deyil. Guya bununla biz dünyaya göstəririk ki, ermənilərlə bir yerdə yaşaya bilərik və guya bundan sonra dünya insafa gəlib Dağlıq Qarabağı bizə qaytaracaq. Əslində isə, bu prosesin başında erməni mərkəzləri dayanır və onlar bununla iki məqsədlərini həyata keçirirlər. Birincisi, bu proseslə dünyaya nümayiş etdirirlər ki, Azərbaycan torpaq itkisi ilə barışa, torpağı işğal altında ola-ola ermənilərlə barışa, normal münasibətləri bərpa edə bilər. 1920-ci ildə də belə olmuşdu. İkincisi, onlar bu proseslə diqqəti müharibə variantından yayındırır, sonsuz “sülh prosesi”nə start verirlər. Tarix təkrar olunur. 1920-ci ildə Azərbaycan və erməni kommunistləri ağız-ağıza öpüşür, dostluqdan danışırdılar. Azərbaycanlılar səmimi idilər, ermənilər isə aldadırdılar. Ermənilər daşnakları söyür, amma öz işlərində idilər. Daşnakları söyən erməni kommunistləri 15 ildən sonra xaricdə yaşayan erməniləri Ermənistana köçürmək məsələsini qaldırdılar, ondan 15 il sonra Dağlıq Qarabağı Ermənistana birləşdirmək məsələsini qaldırdılar və 150 min azərbaycanlını Ermənistandan deportasiya etdilər, ondan da 15 il sonra daşnakları söyən həmin  Mikoyan Dağlıq Qarabağ məsələsini qaldırdı və nəhayət, Qarabağda müharibəyə başladılar. Biz bunu millət olaraq görmüşük, yaşamışıq, amma ermənilərə yenidən bu prosesi başlamaq üçün imkan veririk. Biz özümüzü heç kəsdən ağıllı və vətənpərvər hesab etmirik. Sadəcə, bizi narahat edən ciddi problemlər var. Xahiş edirəm məni qəbul edib dinləyəsiniz.

Reaksiya.az

Şərhlər