“Bu, özbaşınalıqdır və ölkədəki sahibkarlığa öldürücü zərbə vurur” - Sahib Məmmədov

15.04.2017 14:47     Sosreaksiya     1918

Məlum olduğu kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası 4 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası ərazsində fəaliyyət göstərən bütün banklara göstəriş verib ki, “nəğdsiz hesablaşmalar haqqında” qanunun III, IV maddəsinə əsasən hər hansı limit tətbiq etmədən bütün əməliyyatlar nəğdsiz qaydada aparılsın.

 


Bu qayda Azərbaycan Respublikası ərazisində bank hesabı olan bütün hüquqi və fiziki şəxslərə aid edilir.

Sözügedən dəyişikliyin ölkədəki hüquqi şəxslərin fəaliyyətinə mənfi təsir göstərəcəyini indidən söyləmək elə də çətin deyil.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, yeni qaydalar QHT-lərin fəaliyyətini iflic edəcək:

“Bu, o deməkdir ki, qeyri-hökumət təşkilatları heç bir nəğdsiz əməliyyat apara bilməyəcəklər. Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi bu qərar bank hesabları olan subyektlərin hamısına aid edilir. İndi bunlara necə izah edək ki, məslən QHT ictimai nəqliyyatda istifadə edilən karta 1 manat pulu köçürmə yolu ilə necə yükləsin, 3 manatlıq dəftəxananını köçürmə yolu ilə necə alsın, ezamiyyətə gedəkən yeməkxanada içdiyi supun pulunu necə köçürsün, kirayə götürdüyü ofisin (əksəriyyəti şəxsi mənzildir) kirayə haqqını sahibinə necə versin (təbii ki, heç birinin bank hesabı yoxdur) və s. və ilaxır”. 



Sahib Məmmədov qeyd etdi ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ayırdığı maliyyələrin 70 faizini təşkilata verir, təşkilat isə yekun hesabat verdikdən sonra qalan 30 faiz köçürülür. Onun sözlərinə görə, indi bu da mümkün olmayacaq:

“Əvvəl hansısa ekspertlə müqavilə bağlanırdı, iş görülüb başa çatdırıldıqdan sonra ödəniş edilirdi. Hazırkı situasiyada isə layihə müddəti bitdikdən sonra bu əməliyyatı aparmaq mümkün deyil. Tutaq ki, hansısa QHT kiminsə şəxsi mənzilini ofis kimi icarəyə götürüb. Həmin şəxsin isə bank hesabı yoxdur. Bəs, bu hal indi necə tənzimlənəcək? Gərək bütün əməliyyatlar bank əməliyyatları ilə aparılsın. Bu gün heç bir xidmət sahəsi, ticarət şəbəkəsi buna hazır deyil. Elə bilin ki, mağazadan 5 manatlıq alış-veriş edirsən və ödənişi etmək üçün bank hesabının nömrəsini tələb edirsən ki, ödənişi bank vasitəsilə köçürəsən”. 

Sahib Məmmmədov sonda bildirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsdir və onun belə bir qərar qəbul etməyə hüququ çatmır:

“Bu, özbaşınalıqdır və ölkədəki sahibkarlığa öldürücü zərbə vurur”.

Qeyd edək ki, ötən həftə sözügedən məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılmışdı. Bəzi deputatlar bankdan vəsaiti çıxarmağın mümkün olmaması ilə bağlı hissəyə öz iradlarını bildirmişdi.

Ceyhun Əhmədli
Femida.az

Şərhlər