BNA-nın baş direktoru: "İslam Həmrəyliyi Oyunları zamanı tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub"

22.04.2017 11:16     Sosreaksiya     1197

“Nəqliyyat tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin gündəlik həyatında yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək”.

 

Apa-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, oyunların sınaq açılışında, açılış və bağlanış mərasimlərində müvafiq olaraq 23 min, 30 min və 60 min nəfərin iştirakı gözlənilir: “Qeyd edilən mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlər üzrə metronun “20Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb olunub. Zərurət yaranacağı təqdirdə ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda saxlanılacaq”.

 

V.Kərimlinin sözlərinə görə, sınaq açılışı, açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların daşınması ekspress xətlər vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda həyata keçiriləcək.  

 

“Sınaq açılışı, açılış və bağlanış mərasimləri günlərində üç ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin və Bakı Metropoliteninin əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərməsi nəzərdə tutulur”, deyə V.Kərimli bildirib.

 

Bakı Nəqliyyat Agentliyinin baş direktoru həmçinin bildirib ki, Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər iştirakçıların) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən mayın 1-dən 30-dək ödənişsiz istifadəsi təmin olunacaq.

 

V.Kərimli həmçinin qeyd edib ki, Oyunların müvafiq təhlükəsizlik səviyyəsinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən Bakı şəhərinin bəzi avtomobil yollarının müvəqqəti bağlanılması nəzərdə tutulub. 

 

Reaksiya.az

Şərhlər