Jurnalistlərə mənzillər belə veriləcək

16.05.2017 14:07     Sosreaksiya     1064

Kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb

Reaksiya.az Missiya.Az-a istinadən xəbər verir ki, ən azı 3 il fasiləsiz fəaliyyət göstərən KİV-in (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet portalı və sayt) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini vermək hüquq var.

Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

KİV-lər ümumi iclas çağırmalı, Komissiyanın şərtlərinə uyğun namizəd(lər)ini müəyyənləşdirməli, Komissiyaya təqdimat verməlidir (möhürlü və imzalı). KİV-lərin təqdimatına namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları əlavə olunmalıdır).

Təqdimatlarda namizədin mənzil-məişət şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır (jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək). Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.

Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qayadlara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər. Adları Mətbuat Şurasının “qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.

Göstərilən sənədlər may ayının 22-dən iyun ayının 22-dək Komissiyaya təqdim edilməlidir. 

Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.

Reaksiya.az

Şərhlər