Şəhidin anadan olmasının 50-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

13.06.2017 18:08     Sosreaksiya     1376

13 iyun 2017-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Abuzər oğlu Behbudovun adını daşıyan Bərdə şəhər 6 saylı tam orta məktəbdə rayon Gənclər və İdman idarəsinin, məktəbin və Qarabağ Müharibəsi Əlilləri,Veteranları, Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin birgə təşkilatçılığı ilə şəhidin  anadan olmasının 50-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. 

Tədbirdə Gənclər və İdman idarəsinin rəhbərliyi və könüllüləri,”Bərdə” qəzetinin məsul katibi Şüküfə Əliyeva, QMƏVŞAİB rayon şöbəsinin sədri  Etibar xanım Hüseynova, Qarabağ müharibəsi veteranları, Milli Qəhrəmanın doğmaları: böyük qardaşı Kamal Behbudov,qardaşı oğlu Abuzər Behbudov, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.

Tədbirdən öncə qonaqlar məktəbin mərhum dil-ədəbiyyat müəllimi Xizri Ələkbərovun Səfiyar Behbudovla birgə hazırladıqları qədim Bərdənin maketi ilə tanış oldular.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Elşad Məmmədov açaraq  qonaqları təqdim etdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

E.Məmmədov Səfiyar Behbudovun keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yollarından danışdı.

Qarabağ  Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Etibar Hüseynova çıxışında qeyd etdi ki,Vətən uğrunda canından keçən oğul və qızlarımızın xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir, xalqımız da şəhidlərimizin ruhunu hər zaman əziz tutur.Bərdə rayonu Qarabağ savaşında 300-dən yuxarı şəhid vermişdir.4 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını almışdır. Sonra o,Səfiyar Behbudovun qulluq etdiyi hərbi hissənin qərargah rəisi olmuş həyat yoldaşı şəhid Sərhad Zöhrabbəyovun Səfiyarın qəhrəmanlığı barədə fəxrlə danışdığını xatırladı.

 Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxışında qeyd etdi ki,  20%  torpaqlarımızın işğal altında  olduğu   bir vaxtda gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi sahəsinə xüsusi diqqət yetirilməsi bir vətəndaş kimi hər birimizin qarşısında duran əsas vəzifələrdəndir. Bu sahəyə ölkə rəhbərliyi tərəfindən də xüsusi diqqət yetirilir.Vətən uğrunda canından keçən oğul və qızlarımızın xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir, xalqımız da şəhidlərimizin ruhunu hər zaman əziz tutur. Azərbaycan gənclərinin,eləcə də Bərdə gənclərinin Qarabağ savaşında göstərdikləri şücaətdən, ulu öndərin onlara verdiyi yüksək qiymətdən, gənclərin ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha da sıx birləşmələrinin vacibliyindən danışdı.

 “Bərdə” qəzetinin məsul katibi Şükufə Əliyeva, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Elbrus Rüstəmov, Səfiyar Behbudovun müəllimi, məktəbin direktor müavini Aybəniz İbadova, şəhidin qonşusu, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov Səfiyarın uşaqlıq, yeniyetməlik və gənclik illərindən,onun vətənpərvərliyindən, istedadlı bir insan olmağından danışaraq, Səfiyar Behbudovun həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu vurğuladılar.

S.Behbudovun böyük qardaşı Kamal Behbudov ailələri adından təşkilatçılara öz minnətdarlığını bildirdi.

Məktəbin VI sinif şagirdi Aytac Cəfərovanın çəkdiyi “Qəhrəmanın portreti” rəsmi qonaqlara nümayiş etdirildi.

Tədbirin sonunda Gənclər və İdman idarəsinin könüllülərinin və məktəb şagirdlərinin hazırladıqları musiqili ədəbi- bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu.

Reaksiya.az

Şərhlər