Tağı Əhmədov məhkəmədə 3 milyonunu tələb etdi

21.06.2017 13:23     Sosreaksiya     1583

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki,Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesə zərərçəkmiş qismində Bakı Metropolteninin keçmiş rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da gəlib.

O, hazırda məhkəmə iclasında iştirak edir.

Prosesdə T.Əhmədov A.Çovdarovun vəkillərinin sualını cavablandırıb. Vəkil ona "sizin Akif Çovdarovdan tələbiniz nədir" sualına T.Əhmədov maraqlı cavab verib:

"Leyli və Məcnunu hamı oxuyub. Bütün dünya bilir ki, əsərdə söhbət nədən gedir. Hətta Leylinin Məcnundan nə istədiyi də məlumdur. İndi də məhkəmədə hər şey aydındır. Siz də savadlı şəxssiz. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu tələb edirəm".

T.Əhmədov ifadəsində qeyd edib ki, A.Çovdarov ondan MTN üçün 10 "Qalendevagen" markalı avtomobil alınmasını istəyib: "Ona "yox" cavabını verdim. Həmin vaxt sabiq nazir Eldar Mahmudova zəng elədim. Lakin o, telefonu açmadı. Daha sonra onun köməkçisi ilə danışdım. O bildirdi ki, "nazir sizin işinizi Akif Çovdarova tapşırıb". Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq".

Qeyd edək ki, A.Çovdarovun Tağı Əhmədovdan şantajla 3 milyon manat aldığlı barədə bir müddət öncə xəbərlər yayılmışdı.

Reaksiya.az

Şərhlər