Aleksandr Lapşinin məhkəməsinin hazırlıq iclası keçirilib

22.06.2017 15:52     Sosreaksiya     1436

Aleksandr Lapşin Bakıda hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Məhkəmə hakim Əlövsət Abbasovun sədrliyi ilə davam edib.

Məhkəmədə Aleksandr Lapşinin anket məlumatları dəqiqləşdirilib. Aleksandr Lapşin bildirib ki, 1976-cı il təvəllüdlüdür, himayəsində 2 yaşlı övladı var, özü də üç ölkənin - Rusiya, Ukrayna və İsrailin vətəndaşıdır. Daimi yaşayış yeri isə İsraildədir. Məhkəmədə İsrail və Ukrayna səfirliklərinin nümayəndələri iştirak edib.

A.Lapşinin hüquqlarını vəkil Eduard Çernin müdafiə edir. A.Lapşin Azərbaycan dilini bilmədiyinə görə o, tərcüməçi ilə təmin olunub. Vəkilindən və Lapşinin özündən hər hansı vəsatəti olub-olmadığı soruşulub.

"Həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsini qaldırardım. Amma onun Azərbaycanda yaşayış yeri olmadığına görə bu barədə vəsatət qaldırmağın mənası yoxdur", - deyə vəkil bildirib.

A.Lapşinin həbsi ilə bağlı yayılan rəsmi məlumata görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

A.Lapşin qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Aleksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına məlumatlar təqdim olunub.

Aleksandr Lapşinə qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.

İş məhkəmə baxışına verilib. Məhkəmənin növbəti iclası iyunun 30-na təyin olunub.

Reaksiya.az

Şərhlər