Qəbələdəki meşə yanğını barədə Əməliyyat Qərargahının SON MƏLUMATI

Qəbələdəki meşə yanğını barədə Əməliyyat Qərargahının SON MƏLUMATI
Tarix: 04.09.2017 09:40
Oxunma sayı: 298
Paylaş:

Qəbələ rayonunda yanğının söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir. Trend-ə Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahından verilən məlumata görə, söndürmə işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Burada əsasən quru ot, sıx kollar (moruq, böyürtkən və s.), qurumuş ağaclar, onların qalıqları və qismən ağaclar yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edirlər.

Cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün Əməliyyat Qərargahı yaradılmışdır. Əməliyyat qərargahına fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. Görülən işlər barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mütəmadi məlumatlandırılır.

Yanğının baş verdiyi ərazi dəniz səviyyəsindən, təqribən, 1000 m hündürlükdə yerləşir. Havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Eləcə də, ərazi yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən, texnikanın həmin əraziyə qalxmasında çətinliklər yaranıb. Ona görə də yanğının söndürülməsi üçün bütün vasitələrdən, əsasən əl əməyindən və helikopterdən istifadə olunur. Mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtırlı traktorlar vasitəsilə qoşqulu su çənləri qaldırılaraq söndürmə işləri aparılır. Keçilməz qayalıq hissələrdə yanğının söndürülməsi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Ka-32A” helikopteri vasitəsi ilə həyata keçirilir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə desant dəstəsi helikopterlə əraziyə enərək söndürmə işlərinə qoşulmuşdur.

Reaksiya.az

Şərhlər