Q.Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb

Q.Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb
Tarix: 07.09.2017 21:06
Oxunma sayı: 778
Paylaş:

Millət vəkili Q.Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb,qayğıları ilə maraqlanıb.

Reaksiya.az xəbər verir ki, Tovuzda bu il yüksək balla ali məktəblərə qəbul olunmuş Tovuzlu tələbələrin ailəsini ziyarət edən və onlarla görüşən  millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.

Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib: “Ümumiyyətlə məni çox sevindirdi ki, bu il Tovuzdan ali məktəblərə yüksək balla daxil olanlar arasında qızların sayı oğlanlardan çoxdur. Məncə Tovuz bu istiqamətdə bir sıra rayonlara gözəl bir örnək ola bilər. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir. Biz qızlarımızın təhsilinə böyük önəm verməli, erkən nigahlarla ciddi mübarizə aparmalıyıq”. Yüksək balla ali məktəbə qəbul olunaraq tələbə adını qazanmış hər bir gənclə geniş fikir mübadiləsi aparan millət vəkili Q.Paşayeva onlara bəzi məsləhətlərini də verib.

 

 

Millət vəkili Qənirə Paşayeva  tələbə adını qazanmış gənclərdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb. “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var – çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var,” – deyə öz fikirlərini bildirdi.

Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və hansı sahəyə üz tutmasından asılı olmayaraq gənclərmizi tariximizi daha dərindən öyrənməyə çağırıb.  Millət vəkili gənclərə xarici dilləri yaxşı öyrənməyə də çağırıb və bu istiqamətdə müzakirələr aparılıb. Gənclərin təhsil alması istiqamətində qayğıları ilə də maraqlanan millət vəkili Q.Paşayeva "hər zaman sizin yanınızdayıq və inanırıq ki, yüksək səviyyəli peşəkarlar olaraq yetişəcəksiniz",- deyib.

 

 Millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gənclərə hədiyyələr və kitablar təqdim edib və onlara bir daha uğurlar diləyib. 

Reaksiya.az

Şərhlər