Ölməzlik nümunəsi

08.09.2017 18:26     Sosreaksiya     1623

“Şəhidlər ölmür” deyirlər. Aradan illər ötsə də, onların ucaldığı zirvə hər tərəfdən daha aydın görünür, ətrafdakılara örnək olur. Haqqında söhbət açdığımız Vətən oğlu da belə unudulmaz insanlardan biridir.

Əlmərdan Hüseynov 1962-ci il yanvar ayının 14-də  Biləsuvar rayonun Fioletovka ( indiki Çaylı) kəndində anadan olub. Orta təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət dövründə mərdliyi, mübarizliyi ilə komandanlığın  və şəxsi heyətin dərin hörmətini qazanıb. Bir zamanlar Sovet ordusu sıralarında xidmət edərkən  ağlına da gətirməzdi ki, zaman gələcək özünə doğma saydığı bu ordu doğma xalqının qanını tökəcək, neçə-neçə günahsız insanların arzularını gözlərində qoyacaq. O insanlardan biri də elə özü olacaq.

Əlmərdan vətən qarşısındakı vəzifə borcunu ödəyib artıq müstəqil şəkildə öz həyatını  qura bilərdi, amma bunun üçün də müəyyən peşə ilə məşğul olmaq lazım idi, ona görə də, hərbi xidmətdən sonra sənədlərini Bakı şəhərindəki 86 saylı Texniki Peşə məktəbinə verdi.

Məktəbi bitirdikdən sonra  artıq  bir sənətin  qulpundan yapışıb ailəyə kömək olmaq istədi. Bu arzuyla 1983-cü ildə  “Azelektroterm ”  Elm-İstehsalat Birliyində elektrik olaraq işləməyə başladı. Tez bir zaman ərzində işinin əhli oldu. Rəhbərliyin etimadını qazandığı üçün çox vacib işlər ona tapşırılır, o da vicdanla üzərinə düşən vəzifəni yerinə yetirirdi. Həyatın öz axarı ilə  getdiyi bir zamanda  qəfil dövran dəyişdi. Erməni-rus faşistlərinin xalqımızın başına gətirdiyi  faciələr onun da gələcək arzularının üstündən birdəfəlik xətt çəkdi.

…1990-cı ilin  yanvar ayının 19-dan 20-ə keçən gecə, o məşum gecə… Keçmiş SSRİ-nin silahlı qüvvələri Azərbaycan  xalqının milli azadlıq ruhunu boğmaq üçün Bakıda, o cümlədən respublikanın bir neçə  rayonunda qanlı qırğınlar törətdi. Doğma vətəninin  azadlığı uğrunda haqq mübarizəsinə qalxmış günahsız vətən  övladları vəhşicəsinə gülləbaran edildi. Lakin,  bu dəhşətli qırğınlar da xalqımızı haqq mübarizəsindən  döndərə bilmədi. Hərbi vəziyyətə, küçələrdə sovet qoşunlarının  hər cür təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqı  öz şəhidlərini  ən böyük ehtiramla Şəhidlər xiyabanında dəfin etdi.

Şəhidlərin əziz xatirəsinə ehtiram üçün “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31mart 1998-ci il tarixli  fərman imzaladı. Həmin fərmana  əsasən, 1998-ci il 29 dekabr tarixində “20 Yanvar şəhidi” haqqında əsasnamə də təsdiq edildi. Faciənin qurbanlarının 147  nəfərinə “20 Yanvar şəhidi” fəxri adı verildi. Onlardan biri də Əlmərdan Hüseynov idi.  O gecə Əlmərdan və onun mübarizə yoldaşları Salyan Kazarması yaxınlığında  sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildi. Qanlı qırğının  səhərisi gün yaxınları onun cəsədini morqdan tapdılar. Həkimlərin verdiyi rəyə görə, Əlmərdan qoluna  və sinəsinə dəymiş güllələr və sifətinin  sağ tərəfindəki ağır zərbə izləri nəticəsində həlak olub.

Ölümündən sonra doğma kəndinə  gətirilən Əlmərdan böyük izdihamla son mənzilə yola salındı.

Əlmərdan və mübarizə yoldaşlarının ölümlərindən 27 il keçir, xalqımız öz qəhrəmanlarını heç zaman  unutmur. Hər il  Əlmərdanın qəbri  üstünə  gələnlərin  sayı  daha da artır. Əvvələr oxuduğu, həyatının ən gözəl çağlarını keçirtdiyi  orta məktəb  indi onun  adını daşıyır.  Məktəblilərdən  soruşanda  ki, hansı məktəbdə oxuyursan “Əlmərdan Hüseynov adına orta məktəbdə” – deyə  fəxrlə cavab verirlər. Onlar üçün Əlmərdan mübarizliyin, dönməzliyin zirvəsi olaraq qalır. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

 

Gülcənnət Sevil Əliyeva

Reaksiya.az

Şərhlər