Narkoloji Dispanserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkiminin şikayəti üzrə məhkəmə başlayır

09.09.2017 10:27     Sosreaksiya     973

Narkoloji Dispanserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkimi Hüseyn Həsənovun barəsində olam hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayır.

Reaksiya.az-nın xəbərinə görə, işə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxışı sentyabrın 12-nə təyin edilib.

Hökmdən naazı qalan prokuror da apellyasiya protesti verib. Hər iki şikayət araşdırılacaq.

Qeyd edək ki, Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Həsənov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə M. Şamçıyevaya da şərti cəza verib. 

Reaksiy.az

 

Şərhlər