YAP-ın 25 illik yubileyi münasibətilə 700 mindən artıq ağac əkiləcək

02.11.2017 12:16     Sosreaksiya     1635

Noyabrın 21-də ölkəmizin ictimai-siyasi həyatında xüsusi çəkiyə malik, Azərbaycanda hüquqi, demokratik vətəndaş cəmiyyəti quruculuğu proseslərində və bütövlükdə Azərbaycanın bugünkü möhtəşəm uğurlarında müqayisəsiz və əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 ili tamam olur.

YAP-ın mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur ki, partiyanın yaranmasının 25 illik yubileyi partiyada əsl bayram əhval-ruhiyyəsi fonunda müxtəlif xarakterli silsilə tədbirlərin keçirilməsi ilə qeyd olunur.

Bildirilir ki, partiyanın bütün yerli strukturlarında, rayon və şəhər təşkilatlarında 25 illik yubiley ilə əlaqədar müxtəlif formatda toplantı, görüş və diskusiyyaların təşkili davam edir. Qadınların və gənclərin partiya və cəmiyyət həyatında, dövlət quruculuğu proseslərində mövqeyinin və iştirakının müzakirəsi və dəyərləndirilməsi məqsədi ilə YAP-ın Gənclər Birliyinin və Qadınlar Şurasının xətti ilə geniş toplantılar, müxtəlif xarakterli görüşlər təşkil edilir.

Kütləvi informasiya vasitələrində isə keçirilən dəyirmi masalarda cəmiyyətin ən müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə YAP-ın yaranmasını zəruri edən tarixi şərait, keçdiyi şərəfli yol, qazandığı nailiyyətlər bir daha nəzərdən keçirilir və müzakirə edilir.

Məlumatda qeyd olunur ki, YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar nəzərdə tutulan daha bir möhtəşəm tədbir “Hərəyə bir ağac əkək” kampaniyasının keçirilməsi ilə əlamətdar olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyasına yaxın günlərdə təntənəli start veriləcək. Bu kampaniya Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.

Məqsədi və məramının qüdrətli, müstəqil və inkişaf etmiş Azərbaycan olan YAP-ın 25 il ərzində şərəfli bir yol keçdiyi xüsusi vurğulanan məlumatda qeyd olunur ki, banisi və qurucusu Ulu öndər Heydər Əliyev olan bu siyasi təşkilat bu gün cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında sıx birləşdirməkdədir. Bu gün YAP Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirməkdədir. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın mövqeyi və uğurları getdikcə daha da artmaqdadır. Ona görə də, YAP-ın keçdiyi 25 illik şərəf və zəfər yolu eyni zamanda Azərbaycanın qələbələr, genişmiqyaslı islahatlar və sürətli inkişaf tarixi kimi dəyərləndirilməli və qeyd edilməlidir.

Reaksiya.az

Şərhlər