Sosial şəbəkələrdə milli maraqların qorunması - FOTOLAR

02.11.2017 15:50     Sosreaksiya     2654

Reaksiya.az xəbər verir ki, Gəncə şəhərində “Vətəndaş jurnalistikası” sahəsində fəal olan, sosial şəbəkələrdə aktiv iştirak edən gənclərlə görüş təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternyus Azərbaycan” İctimai Birliyinin reallaşdırdığı “Azərbaycan həqiqətləri uğrunda səfərbər edilmiş media təşəbbüsləri” layihəsi çərçivəsində həyata keçirilib.

Görüşdə əsasən  Gəncənin sosial aktiv gəncləri, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin fəal üzvləri, Gəncə Dövlət Universiteti və yerli kolleclərin tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “İnternyus-Azərbaycan”nin  təmsilçisi, jurnalistika üzrə ekspert İsmayıl Vəliyev hərbi jurnalistika meyarları, bu sahədə milli mətbuatımızda formalaşan etik və peşəkarlıq normativlərdən danışıb. O, sosial media fəallarına səslənərək milli maraq və ənənələrin bu yeni media imkanları ilə düzgün uzlaşdırılması probleminə diqqət yetirib.

“Gələcəyə Körpü”-nün icraçı direktoru Hüseyinxan Hacızadə isə, “İnternyus – Azərbaycan” İB-nin kütləvi informasiya sahəsində yüksək təcrübəli peşəkar mütəxəssislərdən ibarət komandaya malik olduğunu xatırladaraq, tədbirin mövzusunun aktuallığından söz açıb.

Mövzunu jurnalist və bloqçu  Ramid İbrahimov davam etdirib. O, ölkəmizin müharibə vəziyyətində olmasını və bu reallıqda sosial şəbəkə istifadəçilərinin üzərinə düşən məsuliyyəti xatırlatıb. Məruzə zamanı o, texniki vəsaitlərdən istifadə edərək, mövzuya dair qanun müddəalarının izahat və şərhlərini verib.

Tədbirdə həmçinin, layihə çərçivəsində yaradılan “Əsgər Bloqçular” (https://esgerbloqcular.com.az/) bloq səhifəsi də gənclərə təqdim olunub.

Yekunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə əlavə izahatlar verilib.

Reaksiya.az

 

 

Şərhlər